"Sələmun aleykum" və "Salam" sözünü ərəbcə qrammatik baxımından izah edə bilərsinizmi?
Aleykum salam. Ümumən salam cümlələri Qurani Kərimdə "sələmun aleykum" formasında ifadə olunur və 6 müxtəlif ayədə öz əksini tapıb. Lakin aşağıdakı ayədə göstərildiyi kimi sadəcə olaraq “salam” demək də düzgündür: "And olsun ki, elçilərimiz (mələklər) İbrahimə müjdə gətirdilər və: "Salam", – dedilər. O da: "(Sizə də) salam", – dedi və dərhal qızardılmış bir buzov gətirdi". (Hud, 69).
Sadəcə ərəb dilində (un) tənvin sonluq şəkilçisi sözlərin sonunda sonuncu hərfin üzərində yazılaraq həmin sözün adlıq halında olmasını bildirir. Yəni (un) ərəb dilində adlıq halın əlamətlərindəndir. Danışıq qaydalarına görə isə bu şəkilçini (un) tələffüz etmədən sözün sonuna sükun qoymaq icazəlidir. Məsələn: "sələm-un" yox "sələm" və.s sözləri bu şəkildə demək olar. Salamlaşma haqqında isə ümumən bir ayə və hədislər varid olmuşdur. Uca Allah buyurur: "Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın!..". (ən-Nisə, 86).
İmran ibn Huseyn (Allah ondan razı olsun) belə nəql etmişdir: "Bir adam Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) hüzuruna gəlib: "Əssələmu aleyku", - deyə salam verdi. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) də onun salamını eyni şəkildə (aleykum sələm) aldı. Salam verən oturanda Allah Rəsulu (salləllahu aleyhi və səlləm): "On savab qazandı" - buyurdu. Bir az sonra başqa bir adam gəldi və "Əssələmu aleykum va rahmətullahi" şəklində salam verdi. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) onun salamını eyni şəkildə aldı. Bu gələn də oturanda Rəsulullah (salləllahu aleyhi və səlləm): "İyirmi savab qazandı", - buyurdu. Daha sonra başqa bir adam gəldi və: "Əssələmu aleykum va rahmətullahi va bərakətuhu", - deyə salam verdi. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) digərləri kimi həmin adamın da salamına eyni şəkildə aldı. O da oturanda Allah Rəsulu: "Otuz savab qazandı", - buyurdu". (Əbu Davud və ət-Tirmizi).
Başqa bir hədisdə Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunduğuna görə peyğəmbərimiz belə buyurmuşdur: "Uca Allah Adəm peyğəmbəri (Ona Allahın salamı olsun) yaratdıqda ona: "Get, o oturan mələklərə salam ver və sənin salamına necə cavab verəcəklərinə diqqətlə bax. Çünki sənin və uşaqlarının salamı o olacaq", - deyə buyurdu. Adəm peyğəmbər (Ona Allahın salamı olsun) mələklərə: "Əssələmu aleykum!", - dedi. Mələklər: "Əssələmu aleykə va rahmətullahi", - deyə cavab verdilər. Onun salamına "va rahmətullahi" ifadəsini əlavə etdilər". (əl-Buxari və Muslim).
Deməli yuxarıdakı ayə və hədislərdən çıxan nəticəyə əsasən İslam dini baxımından salamlaşmanın ən üstün və dolğun forması bu şəkildə olur: "Əssələmu Aleykum Va Rahmətullahi Va Bərakətuhu - Allahın salamı, əmin-amanlığı, sülhü, rəhməti və bərəkəti sizin üzərinizə olsun!" Bu haqda daha ətraflı Sizə salam olsun! məqaləsini oxuyun.