Ərəb dilini səlis bilməyənin namazı qəbul olurmu?
Aleykum salam. Əvvəlcə bu ayəni xatırladaq: "...Allah heç kəsi gücündən artıq yükləməz...". (əl-Bəqərə, 286).
Həmin alim öz fətvasında ərəb dilini yox, çox güman ki, Quranı düzgün tələffüz etməyi nəzərdə tutub. Ona görə də, bu sizi ruhdan salmasın. İslama görə də namaz qılmaq üçün mütləq ərəb olmaq və ya ərəb dilini səlis bilmək zəruri şərt deyil. Sadəcə olaraq, namazın sözlərini bacardığımız qədər düzgün tələffüz etməyə çalışmaq lazımdır, çünki səhv tələffüz nəticəsində sözlərin mənası dəyişə bilər. Həmçinin, hər müsəlman Quran oxumağı öyrənməyə çalışmalıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hafiz olub Quran oxuyan kimsə, mələklərlə bərabərdir. Özünə çətin gəldiyi halda bacardığı kimi (kəkələyərək) Quran oxuyana isə iki qat savab vardır". (əl-Buxari, Muslim).
Uca Allah buyurur: "Elə isə namaz qılarkən Qurandan sizə asan gələni oxuyun!" (əl-Muzzəmmil, 20).