Kinoda Züleyxanın ailəli olduğu halda Hz. Yuisfi sevməsini başa düşə bilmirəm
Aleykum salam. Evli insanı sevmək haramdır və bu böyük günahlardan biri olan zinaya aparır. Daha ətraflı:
Zina, ona aparan yollar və ondan necə qorunmaq haqqında
Başqasının sevgilisini sevmək günahdırmı?
Yusif peyğəmbər (Allahın ona salamı olsun) və Züleyxanın hekayəsini isə Uca Allah bizə Quranda bildirmişdir: "Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: "Yanıma gəl!"– dedi. O isə: "Allah uzaq eləsin! Axı sənin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!"– dedi. Qadın ona meyl etmişdi. Əgər Yusuf Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır. Onlar bir-birini qabaqlamaq məqsədilə qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. Qadın dedi: "Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!"
Yusuf dedi: "O məni yoldan çıxartmaq istəyirdi". Qadının ailəsindən olan bir şahid belə şahidlik etdi: "Əgər onun köynəyi öndən cırılıbsa, qadın doğru deyir, o isə yalançılardandır. Yox əgər onun köynəyi arxadan cırılıbsa, qadın yalan deyir, o isə doğru danışanlardandır". Qadının əri onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: "Şübhəsiz ki, bu sizin qadın hiylələrinizdəndir. Həqiqətən də, sizin hiyləniz böyükdür. Yusuf, sən bundan (bu işi açıb danışmaqdan) vaz keç! Sən də ey arvad, günahına görə bağışlanma dilə. Çünki sən, günah işlətmisən".
Şəhərdəki qadınlar dedilər: "Zadəgan kişinin arvadı cavan köləsini yoldan çıxartmaq istəyir. Ehtiras onu coşdurmuşdur. Biz onu aşkar bir azğınlıq içində görürük". Qadın onların hiyləsindən xəbər tutduqda qonaqlığa gəlmək üçün onlara xəbər göndərdi və onlar üçün mütəkkələr hazırladı (məclis qurdu), onların hər birinə bir bıçaq verdi və Yusufa: "Onların qarşısına çıx!"– dedi. Qadınlar Yusufu gördükdə onu o qədər təriflədilər ki, unudub meyvə əvəzinə öz əllərini kəsdilər və dedilər: "Allah saxlasın! Bu ki bəşər deyil. Bu ancaq hörmətə layiq bir mələkdir!" Qadın dedi: "Barəsində məni qınadığınız oğlan bax budur! Mən onu yoldan çıxartmağa çalışdım, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, əlbəttə ki, zindana atılacaq və zəlillərdən olacaqdır".
Yusuf dedi: "Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram". Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Həqiqətən, O, Eşidəndir, Biləndir. Bu qədər dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər". (Yusuf, 23-35).