Şərait olmadığı üçün namaz qılmıram
Aleykum salam. Uca Allah namazı hər kəsə bütün şəraitlərdə vacib buyurmuş, başlamaq üçün nəyisə gözləməyi isə qadağan etmişdir. Hər kəs ölüm onu haqlamamış Rəbbinin razılığını qazanmağa çalışmalı, Allahın ona buyurduğu ibadətləri yerinə yetirməlidir. Uca Allah buyurur: "Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır". (Loğman, 34).
"Birinizin ölümü çatıb: "Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən Allah yolunda xərcləyin. Və bilin ki, Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!" (əl-Munəfiqun, 10-11).
Uca Allah ibadəti yorğun halda, habelə xəstə olduqda, çətin şəraitdə yerinə yetirənin savablarını qat-qat artırır. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Çətin şəraitdə dəstəmazı kamil şəkildə almaq, məscidə piyada getmək və bir namazdan sonra digər namazı gözləmək günahları yuyub aparır".
Su tapmadıqda, xəstəlik və ya soyuq olduqda dəstəmaz əvəzinə torpaqla da təyəmmüm etmək olar. Xəstəlik səbəbindən ayaq üstə dura bilmədikdə oturaraq, otura bilmədikdə isə uzanaraq namaz qılmaq olar.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) və sahəbələri (radıyəllahu anhum) çox çətin şəraitdə yaşadıqlarına baxmayaraq ibadətlərini kamil şəkildə yerinə yetirmişlər. Bir gün Ömər ibn əl-Xattab (Allah Ondan razı olsun) Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) hüzuruna girdi. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) həsirin üstündə uzanmış, üzündə də həsirin izləri qalmışdı. Otağının bir tərəfində işlənmiş bir dəri, bir başqa küncündə də, içində bir neçə ovuc arpa olan kiçik bir kisə vardı. Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) otağında olan əşyalar bundan ibarət idi. Ömər (radıyəllahu anhu) bu mənzərə qarşısında riqqətə gəldi və ağladı. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) nə üçün ağladığını soruşanda: "Ya Rəsulullah! İndi kəsralar, padşahlar saraylarında quş tükündən yataqlarda yatır, Sən quru bir həsir üstündə yatırsan və üzündə həsirin izi qalır. Gördüklərim məni ağlatdı, cavabını verdi. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) Ömərə (radıyəllahu anhu) belə buyurdu: "İstəmirsənmi, ya Ömər! Dünya onların, axirət də bizim olsun?" (əl-Buxari).
Həmçinin siz evsiz insanlara baxaraq Uca Allahın sizə qalmağa ev nəsib etməsinə şükr etməlisiniz.