Saqqal saxlamaq vacibdirsə, hansı işdə işləyək?
Salam aleykum. Saqqal saxlamaq Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əmridir: "Bığlarınızı qısaldın və saqqalınızı uzadın". (Muslim: "Səhih", 260; Əhməd: "Mushəd", 2/366). Uca Allah Quranda digər peyğəmbərlərin də saqqalı olmasını bildirmişdir: "(Harun, qardaşı Musaya) belə cavab verdi: "Ey anam oğlu! Saçımdan, saqqalımdan tutma. (Saqqalımı, başımı yolma). Doğrusu, sənin: "İsrail oğulları arasına ayrılıq saldın, sözümə baxmadın!" - deyəcəyindən qorxdum". (Ta Hə, 94). Saqqal tək İslamda yox, hətta xristianlıq və yəhudilikdə də vacib sayılır. Bəzi islam alimlərinə görə saqqalın ən az həddi 4 barmaq uzunluğunda və ya bir ovucdur. Qeyd etdiyiniz məsələ ruzi qazanmaqla bağlıdır, bütün məxluqatın ruzisini verən isə Uca Allahdır. Uca Allah buyurur: "Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!" (əz-Zəriyət, 58); "...Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər...". (ət-Talaq, 2-3). Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Əgər siz Allaha layiqincə təvəkkül etsəniz, O, quşa ruzi verdiyi kimi, sizə də ruzi verər. Belə ki, quş səhər-səhər yuvasından qarnı ac uçub gedir, axşam isə ora tox qayıdır". (ət-Tirmizi: "Zuhd", 33). Həmçinin bunu oxuyun: Ruzinin artması üçün hansı duanı oxumalıyıq və ya nələr etməliyik?