Namazda bəyənilməyən əməllər hansılardır?
Aleykum salam. Allah razı olsun! Əlhəmdulilləh, yaxşıyıq. Namazda bəyənilməyən (məkruh) əməllər aşağıdakılardır:
Yuxarı baxmaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Namaz əsnasında göyə (yuxarı) nəzər salanlar (etdikləri əməldən) çəkinsinlər!…". (Muslim).
Namazdan yayındıran şeylərə baxmaq. Aişə anamız (Allah ondan razı olsun) rəvayət edir ki; "Bir dəfə peyğəmbər (salləllahu aleyhi və səlləm) üzərində müxtəlif rənglərdən ibarət xətlər olan paltarda namaz qıldı və o xətlərə nəzər saldı. Namazı qılıb qurtardıqdan sonra dedi: "Aparın bu paltarı verin Əbu Cəhmə (Adı: Ubeydullah ibn Huzeyfə əl-Quraşi əl-Adəvi), mənə də sadə (üzərində fikri yayındıra biləcək əlamət olmayan) bir ənbicaniyyə (Yundan hazırlanmış paltar) gətirin. Həqiqətən, bu, məni namazdan yayındırdı". (əl-Buxari və Muslim).
Gözləri yummaq. "Bu hərəkət kitab əhlinin (Yəhudi və Xristianlar) əməlindən olduğu üçün müsəlmanlara belə etmək bəyənilmir. Lakin qeyd etmək lazımdır ki, namaz qılanın önündə onu namazdan yayındıra biləcək hər hansı bir şey olarsa, o zaman gözləri yummaq icazəlidir".
Təbii ehtiyaclarları ödəməmək
Ortalığa yemək qoyulduğu zaman namaz qılmaq. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Şam yeməyi süfrəyə qoyulduğu zaman iqamə verilərsə, əvvəlcə yeməyi yeyin! (Sonra namaz qılın)". (əl-Buxari və Muslim).
Bu yeməyin hazır olması və yemək istəyinin olması halına aiddir. Əgər insan toxdursa namazı qıla bilər.
Özünü zorla saxlayaraq ayaqyoluna getməmək. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki; "Mən peyğəmbərimizin (salləllahu aleyhi və səlləm): "Yemək gətirildiyi zaman, həmçinin öndən və arxadan çıxanı dəf edərək (saxlayaraq) namaz qılınmamalıdır" - dediyini eşitdim". (Muslim, 1246).
Geyimlə bağlı
Namazdan qabaq paltarın qollarını çırmalamaq.Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Yeddi əza üzərinə səcdə etmək mənə əmr olundu, saçı (saçları hörməklə, yaxud başqa üsulla onları yığmaq) və libası çırmalamaq isə qadağan olundu". (əl-Buxari və Muslim).
Çiyinləri açıq halda namaz qılmaq. Allah Rəsulu (Ona Allahın salavatı və salamı olsun) demişdir: "Sizdən biriniz çiyinləri olmayan bir paltarda namaz qılmasın!" (Buxari, 359; Muslim, 516).
Qeyd etmək lazımdır ki, qəsdən, bilərəkdən çiyni örtməyən bir paltarda qılınan namaz batildir.
Üzərində müxtəlif heyvan, quş, insan və s. canlı şəkli olan paltarda, habelə bu növ şəkillərin qarşısında və ya üstündə namaz qılmaq.
Namazda bəyənilməyən hərəkətlər
Səcdədə dirsəkləri yerə qoymaq. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə dedi: "Səcdədə bədəninizi şax tutun və itin dirsəkləndiyi kimi dirsəklənməyin (yəni, səcdə zamanı dirsəkləri yerə qoymaq)". (əl-Buxari və Muslim).
Aişə (Allah ondan razı osun) rəvayət edir ki; "Peyğəmbər (salləllahu aleyhi və səlləm) (təşəhhüdü oxuduğu zaman) sol ayağının üzərində oturub sağ ayağının barmaqlarını qibləyə tərəf yönəldər və şeytan oturuşundan (səhabələrini) çəkindirərdi. Həmçinin, heyvan oturuşundan (səcdə etdikləri dirsəkləri yerə qoymaq) da (onları) çəkindirərdi…". (Muslim).
Rükuda olarkən belin və qolların düz olmaması. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki; "Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) təkbir və qiraətlə "əl-Həmdu lilləəhi Rabbi-l-aləmin" deməklə namaza başlayardı. Rüku etdikdə başını düz tutar, yuxarı və aşağı əyməzdi…". (Muslim).
Səcdə zamanı baş və dizlər, dirsəklər və bel arasında məsafə (boşluq) qoymamaq. Abdullah ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki; "Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) səcdə etdikdə qollarını o qədər aralayardı ki, qoltuğunun altının ağlığı görünərdi". (əl-Buxari və Muslim).
Səbəbsiz yerə başı döndərmək. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki; "Mən peyğəmbərdən (salləllahu aleyhi və səlləm) namazda dönmək barəsində soruşdum? O dedi: "Bu (başı ora-bura döndərmək) namazda olan oğurluqdur ki, şeytan da ondan istifadə edib bəndənin namazından (savabını) oğurlayır". (əl-Buxari).
Əlləri belə qoymaq. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki; "Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) əllər beldə namaz qılmağı qadağan etdi". (əl-Buxari və Muslim).
Səbəbsiz yerə namazı batil etməyən artıq hərəkətlər (qaşınmaq, tərpənmək və s.) etmək. Aişə (radıyəllahu anhə) rəvayət edir ki; "Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) nafilə namazı qılarkən mən qapını döydüm və o qiblə istiqamətində yerləşən qapını açdı sonra namaz qıldığı yerə qayıtdı". (Əbu Dəvud, ən-Nəsəi).
Bu hədisdən belə nəticə çıxartmaq olar ki, namaz əsnasında yalnız zəruri halda tərpənmək (telefonu söndürmək, qaşınmaq, öskürmək və s.) olar.
Camaat namazında bəyənilməyən hallar
Camaat namazında sıraların tam düzəldilməməsi, namaz qılanlar arasında boşluğun olması. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Cərgələrinizi düzəldin! Həqiqətən, cərgələrin düz olması namazın tamam olmasına işarədir". (əl-Buxari və Muslim).
Camaat namazında imamdan qabaq hərəkət etmək. Əbu Hureyrə (radıyəllahu anhu) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: "Başını imamdan öncə qaldırdan şəxs qorxmurmu ki, Allah onun başını eşşək başına, yaxud surətini eşşək surətinə çevirər". (əl-Buxari, 2/182/ №: 691. Bu onun rəvayətidir. Muslim, 1/320/ №: 427; Əbu Davud, 2/330/ №: 609; ət-Tirmizi, 2/48/ №: 579; ən-Nəsai, 2/96; İbn Məcəh, 1/308/ №: 961).
Məsciddə yer seçib daim həmin yerdə namaz qılmaq. Abdurrahmən ibn Şibl (radıyəllahu anhu) rəvayət edir ki; "Peyğəmbər (salləllahu aleyhi və səlləm) "qarğa kimi dimdikləməyi (rüku və səcdəni çox tez etmək), heyvan kimi yerə yayılmağı (səcdədə dirsəkləri yerə qoymaq) və dəvənin özünə daimi yer seçdiyi kimi məsciddə yer seçməyi" qadağan etdi". (Əbu Davud, 857).
Namaz qılanın qabağında kiminsə keçəcəyi qədər yer varsa, sütrə (təqribən dirsək hündürlüyündə olan əşyanın qoyulması) qoyulmalıdır. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki; "Mən peyğəmbərimizin (salləllahu aleyhi və səlləm): "Sizdən biriniz namaz qıldığı zaman önünə sütrə qoysun! Bundan sonra isə önündən keçmək istəyəni əli ilə dəf etsin, keçməyə yenə cəhd edərsə ona müqavimət göstərsin, çünki artıq o, şeytandır" - dediyini eşitdim". (əl-Buxari və Muslim).
Digər
Rüku və səcdədə Quran oxumaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "…Həqiqətən rüku və səcdədə Quran oxumaq mənə qadağan edildi...". (Muslim. 1074).
Niyyəti ürəkdə deyil, dillə ifadə etmək. Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) və səhabələrdən (Allah onlardan razı olsun) niyyəti dillə tələffüz etdikləri rəvayət olunmamışdır. Çünki niyyətin yeri qəlbdir.
Bunları etmək namazı batil etmir, amma savabını azalda bilər. Bu hərəkətlərə görə səhv səcdəsi edilmir.