Kəb ibn Malikin tövbəsi

    10.10.2014

Rəvayət edilir ki, Kəb ibn Malik demişdir: “Təbuk döyüşündən başqa Pey­­ğəm­bərin apardığı döyüşlərin heç birindən yayınmamışdım. Bədr döyü­şündən yayınm­a­ğıma gəlincə, ondan yayınanları Peyğəmbər - sallallahu aleyhi və səlləm - qınama­mış­dı. Çünki o zaman Peyğəm­bər döyüşə yox, Qureyş karvanının yolunu kəs­mək üçün çıx­mışdı. Allah da onları vədələşmədikləri bir yerdə düşmənləri ilə üz-üzə gətirdi. Əqəbə beyətində hamımız İslamı yaşat­mağa dair Pey­ğəm­bə­rə beyət etdik. İnsanlar arasında Bədr döyüşü­nün Əqəbə beyətindən da­ha üstün sayılmasına baxmayaraq, mənim üçün Əqəbə beyəti daha sevimli idi.

Təbuk döyüşünə hazırlıq

Təbuk döyüşünə gəl­dikdə isə, bu döyüşdən yayındığım zaman özümü baş­qa döyüş­lərdə olduğundan daha qüvvətli və daha gümrah hiss edirdim. Allaha and olsun ki, bundan öncə heç vaxt mənim bir dəvədən artıq mi­ni­yim olma­mışdı. Bu döyüş vaxtı isə mənim iki dəvəm var idi. Döyüşə getmək istədikdə həqiqi məqsədini bildirməmək Peyğəm­bərin adəti idi. Peyğəm­bər Təbuk döyüşünə şiddətli bir istidə yola düşdü. Bu səfər çox uzun və təhlükəli, qarşılaşacaqları düşmənin isə sayı çox ol­du­ğun­dan, Peyğəmbər müsəlmanlara bütün bunları nəzərə alıb hazırlıq gör­sün­lər deyə, məqsədini açıqlayıb gedəcəyi istiqaməti xəbər verdi. O zaman Pey­ğəm­bərin yanında olan müsəlmanların sayı olduqca çox idi və o, bu mü­səl­manların adlarını xüsusi bir kitabda qeyd etməmişdi. Heç kim döyüşdən ya­yınmaq istəmirdi. Yalnız döyüşdən yayınmaq istəyən az sayda müsəlman elə zənn edirdi ki, vəhy nazil olmayınca onların bu hərəkətindən Peyğəm­bər xəbər tutmayacaq. Peyğəmbər müsəlmanlarla birgə hazırlıq görüb mey­vələrin yetişdiyi və ağac kölgələrinin xoş olduğu bir isti payız günündə bu döyüşə çıxdı. O zaman onlar döyüşə hazırlaşarkən, mən də hər səhər dö­yü­şə hazırlaşmaq məqsədilə evdən çıxır və hər axşam heç bir hazırlıq gör­mə­dən evə qayıdıb öz-özümə: “Hazırlıq görmək üçün hələ vaxt var”– deyir­dim. Camaat döyüşə tam hazır olana qədər bu səhlənkarlıq məndə davam etdi. Səhəri gün Peyğəmbər və müsəl­manlar artıq səfərə yola düşdülər. Mən isə hələ də hazırlıq görməmişdim. Mən yenə öz-özümə dedim: “Bir-iki gü­nə hazırlıq gördükdən sonra gedib onlara çata­ram”. Onlar Mədinədən çıx­dıqdan sonra mən yenə də hazırlıq görmək üçün evdən çıxdım və heç bir iş görmə­dən axşam evə qayıtdım. Ertəsi gün yenə hazırlıq görmək üçün ev­dən çıxdım və heç bir iş görmə­dən axşam evə qayıt­dım. Bu hal məndə, on­ların tez bir zamanda düşmənlə qarşılaş­dıqları anacan davam etdi və mən bu döyüşdə iştirak etmək fürsətini əldən buraxdım. Bütün bun­lara bax­ma­ya­raq, mən yenə də onlara çatmaq fikrində idim. Kaş ki, bu fik­rimi doğ­rul­day­dım. Lakin bu mənə müyəssər olmadı. Peyğəmbər Mədinə­dən çıxıb dö­yüşə getdikdən sonra insanlar arasına çıxdıqda məni ən çox kə­dər­lən­di­rən o idi ki, burada yalnız münafiqlikdə ittiham olunanlar və Allahın döyüşə getməməyə rüsxət verdiyi zəiflər qalmışdı. Peyğəmbər Təbuka gəlib ça­ta­na qədər mənim barəm­də düşünmədi. Təbukda ikən səhabələr arasında ol­duq­da məni xatırlayıb dedi: “Kəb nə etdi?”
Bəni Sələmə qəbiləsindən olan bir nəfər dedi: “Ya Rəsulullah, Kəbi iki gözəl libası və yan-yörəsinə özündən ra­zı halda baxması Mədinədə saxladı.”
Muaz ibn Cəbəl dedi: “Sənin dediyin söz necə də pisdir! Vallahi, ya Rəsulullah, biz Kəbdən yaxşılıqdan başqa bir şey görməmişdik.”
Pey­ğəmbər heç nə demədi.

Döyüşdən yayınanların üzrxahlığı 

Onla­rın Mədinəyə qayıtma xə­bə­rini eşitdikdə kədər məni bürüdü, artıq yalan danış­maq barə­sində dü­şün­məyə başladım və öz-özümə dedim: “Mən nə edim ki, sabah onun qə­zə­bin­dən xilas olum?”
Sonra mən bu iş barəsində təcrübəsi olan yaxınlarımla məs­lə­hətləşdim. Peyğəmbərin Mədinəyə yaxınlaşması xəbəri mənə ye­tiş­dik­də bütün batil fikirləri özümdən uzaqlaşdırdım və başa düş­düm ki, uy­dur­duğum yalan fikirlər­lə özümə bəraət qazandıra bilmə­yə­cəyəm. Ona görə də qərara gəldim ki, hər şeyi olduğu kimi Peyğəmbərə söyləyim. Səhəri gün Peyğəmbər Mədinəyə gəldi və adəti üzrə məscidə daxil olub iki rükət na­maz qıldı. Sonra da orada olan camaatla hal-əhval tutmaq üçün birgə otur­du. Bu vaxt Təbuk döyüşündən yayınan səksəndən artıq kişi gəlib Pey­ğəm­bərə müxtəlif bəha­nələr gətirməklə və and içməklə üzrxahlıq etməyə baş­ladılar. Allahın elçisi onların aşkarda dediklərini qəbul etdi, onlar­dan bir da­ha vəd aldı, onlar üçün bağışlanma dilədi, qəlblərində gizlətdik­lərini isə Alla­ha hə­valə etdi. Bu zaman mən də Peyğəmbərin hüzuruna gəlib ona sa­lam verdim. Pey­ğəmbər məni görcək gülümsədi, lakin qəzəbli olduğu hiss olunurdu. Peyğəmbər: “Gəl!”– deyə məni çağırdı. Mən yaxın­laşıb onun qarşısında otur­dum və o mənə dedi: “Bu döyüşdən yayınmağının sə­bə­bi nə idi? Məgər sən bundan öncə İslamı yaşatmağa söz verməmişdin?”
Mən dedim: “Elədir, ya Rəsulullah, vallahi ki, mən başqa birisinin hüzu­run­da olsaydım, bir bəhanə gətirməklə onun qəzə­bin­dən canımı necə qurta­ra­cağımı görərdin. Doğrudan da, mənim çox fəsahətli danışıq qa­bi­liyyətim var. Vallahi, mən başa düşdüm ki, əgər mən bu gün yalan danış­maqla səni ra­zı salsam, sonra Allah sənə həqiqəti bildirdikdə mənə qəzəblənəcəksən, la­kin sənə həqiqəti söyləsəm, sənin mənə qəzəbin tutsa da Allahın məni ba­ğış­la­­yacağına ümid edəcəm. Xeyr, vallahi ki, mənim bu döyüşdən yayın­dığıma bə­raət qazan­dıracaq heç bir üzürlü səbəbim yoxdur. Çünki mən heç vaxt özü­mü indiki kimi qüvvətli və gümrah hiss etmə­mişdim.”
Peyğəmbər de­di: “Bu doğru söylədi. Ey Kəb, get, Allah sənin barəndə hökm verənə qədər sə­bir et.”
Mən çıxıb getdikdə Bəni Sələ­mə qəbi­ləsindən olan bir dəstə kişi tə­lə­sik arxamca gəlib mənə dedi: “Vallahi, biz səni bundan əvvəl günah­kar bir şəxs kimi tanımırdıq. Sən döyüşdən yayınan şəxslər kimi Peyğəm­bərə üzr­xahlıq etməyib aciz qaldın. Halbuki, sənin bu günahın üçün Pey­ğəm­bə­rin bağışlanma diləməyi kifayət edərdi.”
Vallahi, onlar məni o qədər qı­na­dı­lar ki, qayıdıb yalan söylədiyimi bildirmək istədim. Sonra da: “Məndən baş­qa belə hərəkət edən bir kimsə varmı?”– deyə soruşdum.
Onlar dedilər: “Bəli, iki nəfər də sən dediyin kimi həqiqəti söylədi və sənə deyi­lənlər onlara da deyildi.”
Mən onların kim olduğunu soruşduqda onlar: “Bu, Murara ibn Rəbi əl-Amri və Hilal ibn Ümeyyə əl-Vaqifidir”– deyib, Bədr döyüşündə iş­ti­rak etmiş, nümu­nəvi olan iki səhabəni mənə bildirdilər. Onlar bunu mənə söylə­dikdən sonra fikrimdən dönməyib çıxıb getdim.

Döyüşdən yayınan üç səhabə ilə danışmağın qadağan edilməsi

Pey­ğəmbər döyüş­dən yayınanlar arasında yalnız bizim üçümüzlə danışmağı müsəlmanlara qa­dağan etdi. Camaat bizdən uzaqlaşdı və onların bizə qarşı olan mü­na­si­bə­ti dəyişdi. Hətta, bu yerlər mənim üçün qəribləşdi. Bu vəziy­yət əlli gün da­vam etdi. Bu müddət ərzində Murara və Hilal Allahın qədərinə bo­yun əy­mək­lə evlərində oturub ağla­yırdılar. Mən isə onlardan daha gənc və daha dö­zümlü ol­du­ğum üçün müsəlmanlarla birlikdə namaz­larda iştirak edir və ba­zarlarda gəzib dolaşır­dım, lakin mənimlə heç kəs da­nışmırdı. Namazdan son­ra Pey­ğəmbərin yanına gəlib salam verər və öz-özümə deyərdim: “Gö­rə­sən onun dodaqları tərpəndi­mi, mənim salamımı aldımı?”
Sonra onun ya­xınlığında namaz qılar və gizlincə ona nəzər salar­dım. Namaza gəldiyim za­man Peyğəm­bər mənə tərəf baxardı, ancaq mən ona tərəf baxdıqda o mən­dən üz çevi­rərdi. İnsanların məndən üz çevirməsi və mənə qarşı olan soyuq mü­nasibətləri beləcə davam etdi. Bir gün mən əmim oğlu Əbu Qəta­dənin hə­yət divarını aşıb onun yanına gəldim. Əbu Qətadə ən çox sevdiyim in­san­lar­dan biri idi. Mən ona salam verdim, ancaq vallahi ki, o, mənim salamımı al­madı.
Mən dedim: “Ey Əbu Qətadə! Səni Allaha and verirəm, de görüm mə­nim Allahı və Onun Rəsu­lunu sevən bir bəndə olduğumu bilir­sənmi?”
O susdu. Mən bir daha Allaha and verib soruşduqda, o yenə də cavab ver­mə­di. Mən üçüncü dəfə Allaha and verib soruşdum.
O dedi: “Allah və Onun Rə­sulu daha yaxşı bilir!” Bu cavabdan sonra gözlərim yaşla doldu, sonra ha­sa­rı aşıb oradan uzaqlaşdım.

Daha bir imtahan 

Bir gün mən Mədinə bazarında gəzib dolaş­dı­ğım zaman ora ticarət üçün gəlmiş, Şam əhlindən olan bir xaçpərəst əkinçi: “Mən Kəb ibn Maliki necə tapa bilərəm?”– deyə soruşduqda, bazar­da­kılar işa­rə edib məni ona göstərdilər. O yaxınlaşıb Ğəssan vilayə­tinin hökmdarı­nın mək­tubunu mənə təqdim etdi. Orada bu sözlər yazılmışdı: “Sonrasına gə­lincə... Məndə olan məlumatlara görə dostun səninlə çox sərt davranır. Doğ­rusu, Allah səni təhqir olunacağın və sıxıntı çəkəcəyin bir yerdə qalmaq üçün yaratmamışdır. Elə isə bizim yanımıza gəl, sənə layiqincə hörmət edək.” Bu məktubu oxuduqdan sonra mən: “Bu da bir im­ta­handır”– deyib, onu təndirə atıb yandırdım.

Qırx gün keçdikdən sonra...

Qırx gün keçdikdən sonra Peyğəmbərin gön­dər­­diyi adam gəlib mənə dedi: “Allahın elçisi sənə həyat yolda­şın­dan uzaq­laşmağı əmr edir.”
Mən dedim: “Onu boşayım, ya yox?”
Dedi: “Yox, bo­şa­ma, lakin ondan uzaq dur və onunla yaxınlıq etmə!”
Pey­ğəmbər bu xə­bə­ri Mura­ra və Hilala da göndərmişdi. Mən həyat yoldaşıma dedim: “Atanın evinə get və Allahın hökmü gələnə qədər orada qal!”
Hilal ibn Ümeyyənin zöv­cəsi Peyğəmbə­rin yanı­na gəlib dedi: “Ya Rəsulullah, Hilal artıq qo­cal­mış və əldən düş­müşdür. Ona xidmət edəcək bir kimsə yoxdur. Ona xidmət göstərməyimə də qadağa qoyursan?”
O dedi: “Xeyr, lakin səninlə yaxınlıq et­məsin.”
Hilalın zövcəsi dedi: “Vallahi ki, onun heç hərəkət etməyə taqəti qalmayıb. Bu hadisə baş verən­dən bəri o, dayanmadan ağlayır.”
Mənim də yaxınlarımdan bəziləri mənə dedilər: “Bəlkə sən də Peyğəmbərdən izn is­tə­yəsən və o, Hilal ibn Ümeyyənin zövcəsinə ona xidmət etmək üçün izn ver­diyi kimi sənin zövcənə də izn versin.”
Mən dedim: “Vallahi, mən bu ba­rə­də Peyğəmbərdən izn istəmə­yəcəm. Mən nə bilim ki, o nə cavab ve­rə­cək. Bundan başqa mən hələ gəncəm.”

Ey Kəb ibn Malik, sevin!

Mən on gün də gözlədim və artıq Pey­ğəm­bərin qadağan etdiyi günlərin sayı əlliyə çatdı. Mən əllinci gün sübh namazını qılıb, evlərimizdən birinin damının üstündə Allahın ayədə zikr etdiyi vəziy­yətdə, yəni ürəyim təngə gəlib sıxıl­mış və gen dünya mənə dar olmuş bir halda oturmuşdum ki, birdən Səl dağının üs­tü­nə çıxıb uca səs­lə çağıran carçının: “Ey Kəb ibn Malik, sevin!”– dediyini eşitdim. Mən dər­hal səcdə etdim və anladım ki, artıq sevinc və fərəh gəlmişdi. Peyğəmbər sübh namazını qıldıqdan sonra Allahın bizim tövbələ­rimizi qəbul etdiyi­ni in­sanlara bəyan etmiş və onlar da bu şad xəbəri bizə çatdırmağa tələsmişlər. Bə­ziləri Muraranı və Hilalı müjdə­ləmək üçün onların yanına getmişlər. On­lar­dan biri atını çaparaq məni müj­dələməyə gəlmiş, digəri isə Səl dağına qal­xıb oradan bu müj­dəni mənə daha tez çatdırmışdı. Çünki səsin sürəti atın sü­rətindən daha tez çatır. Səsini eşit­diyim müjdəçi mənim yanıma gəldikdə li­basımı ona verdim. Vallahi, özümün bundan başqa libasım ol­madığı üçün Əbu Qətadədən libas aldım və onu geyib Pey­ğəmbərin yanına get­dim. Əs­ha­bələr dəstə-dəstə məni qarşılayır və tövbəmin qəbul olunması mü­na­si­bə­ti­lə məni təbrik edib deyirdilər: “Allahın tövbəsi sənə xeyirli olsun!”
Mən məs­cidə daxil olduq­da, Peyğəm­bər orada oturmuş və camaat da onun ət­ra­fına toplaşmışdı. Təlhə ibn Ubeydullah qalxaraq sürətlə mənə tərəf gəlib əli­mi sıxdı və məni təbrik etdi. Allaha and olsun ki, ondan başqa müha­cir­lər­dən heç kəs məni təbrik etmək üçün ayağa qalxmadı. Mən onun bu mü­na­si­bə­tini heç vaxt unut­ma­ram. Mən Peyğəmbərə salam verdikdə, o, sevinclə parlayan üzünü mənə tərəf çevirib dedi: “Anan səni dünyaya gətirdiyi gün­dən bəri sənin üçün ən xeyirli olan bu günün səadətilə sevin!”
Mən: “Ya Rə­su­lullah, bu müjdə sənin tərəfindəndir, yoxsa Allahın?”– deyə soruşduqda o dedi: “Xeyr, əksinə bu Allah tərəfindən olan müj­dədir.”
Adətən Peyğəmbər sevindikdə onun üzü ay parçası kimi parla­yardı. Biz də onun sevindiyini bu gör­kəmindən hiss edərdik.
Mən Peyğəmbərin qarşısında oturub de­dim: “Ya Rəsulullah, tövbəm qə­bul olunduğu üçün var-dövlətimi Allah və Onun rə­suluna sədəqə etmək istəyirəm.”
Peyğəmbər dedi: “Var-dövlətinin bir his­səsini özündə saxla. Bu sənin üçün daha xeyirlidir.”
Mən dedim: “Xeybər dö­yüşündə əldə olunmuş qənimətdən payıma düşən hissəni özüm üçün sax­layıram. Ya Rəsulullah! Həqiqətən, Allah məni bu sıxıntıdan yalnız doğ­ru danışdığım üçün qurtardı. Elə buna görə də bundan sonra yalnız doğ­ru da­nışacağam.”

Doğruluğun mükafatı

Allaha and olsun ki, Peyğəm­bə­rə doğru söylədiyim vaxt­dan bəri Allahın kimi isə doğru danışmaqda məni imtaha­na çəkdiyindən da­ha gözəl imtahana çəkdiyini bilmirəm. Bütün bunları Peyğəm­bərə söy­lə­dik­dən sonra bu günədək yalan danışmaq niyyətində olmadım və Allahdan is­təyi­rəm ki, bundan sonra da bu işdə mə­ni qorusun. Buna görə də Allah Pey­ğəmbərinə bu ayəni nazil etdi:
“Allah, müsəlmanlar­dan bəzi­ləri­nin qəl­bi cihaddan ya­yın­maq üzrə olduqdan sonra, Pey­ğəmbərin də, çətin vaxt­da onun ardınca gedən mühacir­lə­rin və ən­­sarların da əvvəlcə töv­bə­si­ni qə­bul et­di, sonra da on­ları bağışladı. Çünki Allah on­lara qarşı Şəf­qət­li­dir, Rəhmlidir. Geri qal­mış üç nəfəri də bağışla­dı. Hətta yer üzü öz geniş­liyinə baxma­yaraq onlara dar gəl­miş, ürəkləri kədər­dən sıxılmış və yəqin bil­mişdilər ki, Allah­ın əzabın­dan, ancaq Onun Özünə sığınmaq­dan başqa ça­rə­ləri yox­dur. Sonra Allah peşman olsunlar de­yə on­ların tövbəsini qə­bul etdi. Həqi­qətən, Allah töv­bə­ləri qəbul Edəndir, Rəhm­lidir. Ey iman gə­tirənlər! Allah­dan qorxun və düz danı­şanlarla birlikdə olun” (ət-Tovbə surəsi, 117-119). 
Allaha and olsun ki, İslam nemətindən sonra Allahın mənə bəxş etdiyi nemətlər­dən ən gözəli Peyğəm­bərə doğru danışmaqdır ki, yalan danışıb həlak olanlar­dan olmayım. Uca Allah yalan danışanları məzəmmət edərək onlar ba­rə­sin­də bu ayəni nazil etmişdir:
“Yan­larına qayıtdığınız zaman, onlardan əl çə­kə­­si­niz deyə, qarşı­nızda Allaha and içəcəklər. Siz onlardan üz döndərin. Çünki onlar murdardırlar. Qazan­dıqları günahların cəzası olaraq sı­ğı­na­caq­ları yer Cəhənnəm olacaqdır. Qarşınız­da and içəcəklər ki, onlardan razı qalasınız. Siz onlardan razı olsanız da, Allah fasiq camaatdan razı qal­maz” (ət-Tovbə surəsi, 95-96). 
Peyğəm­bər bizim üçü­müzdən başqa döyüşdən yayınanla­rın hər birindən and içib, üzr diləmələrini qəbul etdi, həmçinin onların beyətini qə­bul edib onlar üçün bağışlanma dilədi. Lakin bizim barəmizdə olan hökmü Allahın əmri gələnə qədər təxirə saldı. Bu haqda Uca Allah belə buyurur: “Ge­ri qalmış üç nəfəri də bağış­ladı. Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri kədərdən sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra Allah peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir. Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun" (ət-Tövbə, 118-119). 
Bu ayədə qeyd olunmuş “geri qa­lanlar” ifadəsi heç də bizim Təbuk döyü­şündən geri qalmağımıza işarə de­yil. Əksinə, bu bizim barə­mizdə olan hökmün, and içərək Peyğəmbərdən üzr diləyənlər barəsində olan hökm­dən əlli gün geri qal­masıdır.” (əl-Bu­xa­ri, 4418).
   

 
Paylaş: