Quran Peyğəmbərimizə neçə yaşında və neçə il ərzində nazil olub?

    30.10.2014
Kimdən: 
Famil
Sual: 
Salam aleykum,menim 1ci sualım budur ki,Quran kitabı Hz.Mehemmede(s.a.s) neçe yaşından nazil olub? 2ci sualım ise budur ki Quran peyğemberimize neçe il müddetinde endirilib?
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və  səlləm) bir müddət Hira mağarasına çəkilib orada ibadət etdikdən sonra Miladi təqvimlə 610-cu ildə 40 yaşında ikən ona peyğəmbərlik verilir. (əl-Buxari, Muslim). Peyğəmbərlik ona birinci gün verilir. Əbu Qatadə (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) birinci gün oruc tutmaq haqqında soruşurlar. O (salləllahu aleyhi və səlləm) buyurur: "O gün mən doğulmuşam, o gün mən insanlara göndərilmişəm və o gün mənə ilk vəhy gəlib". (Muslim).

Vəhy peyğəmbərə (salləllahu aleyhi və  səlləm) bir neçə şəkildə gəlirdi. Aişə (radıyəllahu anhə) rəvayət edir ki, bir gün Haris ibn Hişam (radıyəllahu anhu) peyğəmbərdən (salləllahu aleyhi və  səlləm): "Ya Rəsulullah! Vəhy sənə necə gəlir?" deyə soruşdu. Peyğəmbər (salləllahu aleyhi və  səlləm): "Hərdən vəhy zınqırov səsi kimi gəlir. Bu da mənim üçün (vəhyin) ən ağır gəliş şəklidir. Deyilənləri öyrəndikdən sonra o, məni tərk edir. Hərdən də mələk mənim qarşıma insan qiyafəsində gəlir və vəhyi mənə çatdırır. Mən də onun dediklərini yadda saxlayıram. Aişə (Allah ondan razı olsun) deyir ki, mən soyuq bir havada vəhyin gəlişindən sonra onun alnından necə tər axdığını görərdim". (əl-Buxari).
Beləliklə, Qurani Kərim peyğəmbərimizə 40 yaşından başlayaraq və 23 il ərzində ömrünün sonunadək (63 yaşına kimi) hissə-hissə nazil olmuşdur. Uca Allah tərəfindən Rəsulullaha (salləllahu əleyhi və səlləm) ilk nazil olan Quran ayələri əl-Ələq surəsinin ilk beş ayəsidir: "Oxu, Yaradan Rəbbinin adı ilə! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi". (əl-Aləq, 1-5).
Ən son nazil olan ayənin hansı olduğu mövzusunda isə fərqli fikirlər olsa da səhih olan görüş odur ki, bu ayə dinin kamilləşmə ayəsidir: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim". (əl-Məidə, 3).

Teqlər: 
Paylaş: