Südəmər uşaqların sidiyini yumaq barədə və digər suallar

    08.11.2014
Kimdən: 
Mehdi ibn Cəfər
Sual: 
Assalamu Aleykum Va Rahmatullah... 1) Südəmər uşağın sidiyinin və onun yuyulmasının hökmü nədir? 2) Zehmet mene Azerbaycan dilinde ele bir yazın ki, onun içinde hem dünyamız üçün, hem qebir heyatı üçün, hemde qiyamet günü ile bağli ifadeler ishlensin!? 3) Naheremn qadinlara baxmaqdan ozumu nece yayindirim, qoruyum?
Cavab: 

Aleykumus-Sələm və rahmətullah va bərakətuhu. Əli inb Əbu Talibdən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Südəmər oğlan uşağının sidiyinə su sıçradılmalıdır, qız uşağının sidiyi isə yuyulmalıdır". (Əbu Dəvud, 378; ət-Tirmizi, 610; İbn Məcəh; 525, Əhməd, 1/76, əl-Hakim, 1/165-166).
Ummu Qeys bint Mixsan (Allah ondan razı olsun) demişdir ki: "O, yemək yeməyən (südəmər) körpə oğlu ilə Peyğəmbərin (salləlahu aleyhi va səlləm) yanına gəldi və (uşaq peyğəmbərin) paltarını islatdı. Peyğəmbərimiz (salləlahu aleyhi va səlləm) su gətirilməsini istədi və suyu həmin yerin üzərinə sıçratdı, ancaq o yeri yumadı". (əl-Buxari; Muslim; Əhməd).
Qatadə (Allah ona rəhmət etsin) demişdir: "Bu, yemək yemədikləri müddətə aiddir, əgər yemək yeyirlərsə hər ikisinin də sidiyi yuyulmalıdır". (Bu hədisi İmam Əhməd və ət-Tirmizi rəvayət edib və ət-Tirmizi demişdir ki, hədis həsəndir". (əl-Hakim isə səhih sayıb və deyib ki, əl-Buxari və Muslimin şərtlərinə uyğundur).
Səhih hədislərə əsasən Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) etdiyi duaları birləşdirərək dua edə bilərsiniz. Məsələn; "Allahım, bu dünyada qərib yerdə olduğumuz zaman, qəbirdə tənha qalacağımız zaman, Qiyamət günü sənin hüzurunda duracağımız zaman və nəhayət, sırat körpüsünün üstündən keçəcəyimiz zaman bizə kömək ol, bizə rəhm et, bizi öz mərhəmətinə qovuşdur və bizi Firdovs cənnətinin sakinlərindən et! Allahım, bizi, hər gün, hər saat, hər an ölümü yada salmağa və ölümdən sonrakı həyata hazırlıq sayılan işləri görməyə müvəffəq et! Allahım, bizə, bizdən əvvəl gəlib-getmiş, özlərinə də gözəl sonluq nəsib olmuş əməlisaleh insanların sonluğu kimi gözəl sonluq nəsib et! Allahım, ismətli olan dinimizi, içində yaşadığımız dünyamızı və qayıdacağımız Axirətimizi islah et! Xeyirli işlər üçün ömrümüzü artır, ölümümüzü isə şər əməllərdən qurtulmaq üçün bir rahatlıq vasitəsi et! Allahım, Səndən, başımıza gələn müsibətdən sonra ondan razı qalmağımızı və ölümdən sonra gözəl həyat diləyirik!"

Naməhrəmə baxmaq günahdır, günahdan qorunmaq üçün isə günaha aparan vasitələrdən də qorunmaq lazımdır. İlk növbədə subaysınızsa, evlənmək, açıq-saçıqlıq olan yerlərə getməmək, bunu təbliğ edən vasitələrdən (televizor, internetdə adı yaxşı olub içərisində açıq saçıq şəkillər olan saytlar və s.) uzaq durmaq, bu haqda düşünüb xəyal qurmamaq, həmçinin burda yazılanları etmək:
Günahdan əl çəkmək üçün nə edim?

Bir gün bir cavan oğlan mötəbər alimə yaxınlaşır və şikayət edir: "Mən cavan oğlanam və qızlara baxmaya bilmirəm. Mən nə edim?" Alim ona ağzına kimi aşıb-daşan südlə dolu bir stəkan verir və tapşırır ki, o stəkanı bazarda hansısa bir adama elə aparsın ki, südün bir damlası belə yerə dağılmasın. Sonra alim öz tələbələrindən birini çağırır və ona tapşırır ki, südün bir damlası belə dağılsa gənci yolun ortasında qamçılasınlar. Gənc alimin tapşırığını yerinə yetirir və südün bir damlasını belə yerə dağıtmır. O qayıdanda alim ondan soruşur: "Yolda neçə qız gördün?" Gənc cavab verir: "Yolda gözümə heç kim görsənmədi, çünki qorxurdum ki, südü dağıltsam, məni insanların içində qamçılayarlar. İnsanların qabağında biabır, rüsvay olmaq qorxusundan gözümə südlə dolu stəkandan başqa heç nə görsənmirdi. Onda alim belə deyir: "İmanlı adamın da vəziyyəti belədir. O, Uca Yaradandan qorxur və Onun sözündən çıxıb hesab günündə biabır, rəzil olmaqdan qorxur".

Paylaş: