Sütrə nədir və bu haqda məlumat verə bilərsinizmi?
Aleykum salam. Sütrə -- namaz qılan şəxsin, qabağından başqasının keçməsinə mane olmaq üçün, səcdə edəcəyi yerin qabağında və ya yaxınlığında qoyduğu maneədir. Divara, sütüna və s. yaxın namaz qıldıqda bunlar da sütrə rolunu oynayır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizdən biriniz namaz qılarsa sütrəyə doğru qılsın və ona yaxınlaşsın!" (əl-Buxari, 479; İbn Məcəh, 944).
Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Sizdən biriniz namaz qılanda üzü istiqamətində bir şey seçsin, əgər tapmazsa bir əsa qoysun və onunda tapmazsa bir xətt çəksin. Sonra qarşısından keçən ona zərər verməz". (Əhməd: 7087, 7149, 7297; Əbu Dəvud, 591) .
Musa ibn Talhə (radıyəllahu anhu) belə nəql edir: "Biz namaz qılarkən heyvanlar önümüzdən keçirdilər. Bunu Rəsulullaha (salləllahu aleyhi və səlləm) dedik. Rəsulullah (salləllahu aleyhi və səlləm): "Önünüzdə yəhərin arxa qaşı kimi bir şey olarsa, onun önündən keçənlər zərər verməz" buyurdu. (Muslim: "Salət", 242; ət-Tirmizi: "Salət", 248).
Əbu Cuheym əl-Ənsarinin (radıyəllahu anhu) rəvayət etdiyinə görə Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Namaz qılanın önündən keçən şəxs nə qədər günah işlədiyini bir bilsə, namaz qılanın qabağından keçməkdənsə, qırx gün yerində durmağı daha xeyirli hesab edərdi". (Muslim: "Salət", 261; ət-Tirmizi: "Salət", 249).
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) açıq havada sutra kimi götürüləsi bir şeyin olmadığı yerdə namaz qılanda qabağına süngü sancardı və adamlar da arxasında durardı. (əl-Buxari; Muslim; İbn Məcəh).
Allah Elçisi (salləllahu aleyhi və səlləm) bəzən də öz dəvəsini sutra kimi qoyub namaz qılardı. (əl-Buxari; Əhməd).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bir dəfə qabağında ağac olduğu halda namaz qıldı. (ən-Nəsəi; Əhməd).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bəzən qabağında çarpayı namaz qılardı. Bu vaxt Aişə (radıyəllahu anhə) çarpayıda yorğanın altında uzanardı. (əl-Buxari; Muslim; Əbu Ya'lə).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Sizdən biriniz namaz qılarkən namaz üçün sütrə qoysun, hətta ox olsa belə". (Əhməd, 14916).
Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) səcdə yeri ilə divar arasından bir quzu keçə bilərdi. (əl-Buxari; Muslim).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) həmçinin buyurur: "Biriniz sutra ilə namaz qıldıqda ona yaxın dursun ki, şeytan onun namazını kəsə bilməsin". (Əbu Dəvud; əl-Bəzzar; əl-Hakim).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir: "Sizdən biri onu insanlardan ayıran sutraya namaz qılanda kimsə qabağından keçməyə cəhd eləsə, onu döşündən itələməlidir. Əgər geri dönməsə, onunla mübarizə aparmaldır. Çünki bu, şeytan ola bilər". (əl-Buxari; Muslim; İbn Xuzeymə).
Üzrsüz olaraq başqalarının gəlib-keçdiyi yerə yönəlib sütrəsiz namaz qılmaq doğru deyil, çünki, həmin şəxs bununla başqa insanların məcburən önündən keçməsinə zəmin hazırlayır. Qeyd etmək lazımdır ki, imamla qılınan namazlarda imamın sütrəsi camaat üçün də etibarlıdır, yəni, bu halda camaatın qarşısından keçmək olar. Namaza gecikib imamın salamından sonra ayağa qalxıb namaz qılan şəxs, əgər önündən insanlar keçəcəksə, sütrəyə yaxınlaşmalı, əks halda yerindəcə namazını tamamlamalıdır. Yuxarıdakı hədisə əsasən, sütrəyə doğru namaz qılan adamın önündən keçmək icazəli deyil. Ancaq insanların keçdiyi yerdə sütrəsiz namaz qılanın qarşısından məcburiyyət halında keçmək olar.