Qibləni necə təyin etmək olar?

    16.11.2014
Kimdən: 
Zehra
Sual: 
Salam! Eyer bir insan basqasinin evinde qibleni tapmazsa ne etmeli? xais edirem cavablayardiz onceden Allah razi olsun.
Cavab: 
Və aleykum Salam. Qibləni müxtəlif üsullardan istifadə edərək müəyyənləşdirmək olar. Başqasının evində namaz qılarkən qiblə istiqamətini bilmirsinizsə, ilk növbədə evin yiyəsindən və ya qonşulardan soruşun. Hal-hazırda telefonlarda namaz vaxtlarını və qiblə istiqamətini göstərən proqramlar yayılmışdır. Bir neçə dəfə qibləni bildiyiniz yerlərdə bu proqramları sınayın, doğru göstərsə istifadə edə bilərsiniz. Həmçinin qibləni kompasla da təyin etmək olar. Azərbaycandasınızsa, kompasa baxaraq cənub istiqamətindən azca sağa dönmək lazımdır. Bakıda kompasla bu rəqəm 207 dərəcəni göstərir. Həmçinin, havaya baxıb günəşin çıxma-batma istiqaməti ilə tapmaq olar. Azərbaycandasınızsa, sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz isə gün batan tərəfə (qərbə) doğru durun. Bu zaman üzünüzü cənuba tutmuş olacaqsınız. Sonra azca sağa dönsəniz qibləyə yönəlmiş olacaqsınız. Digər bir üsul isə günəşli havada qibləni günəşə baxaraq tapmaqdır. Belə ki, qiblə saatı deyilən vaxt var. Həmin saatda günəş qiblə istiqamətində olur. Bakıda qış mövsümündə bu təqribən 13:00 radələrində, yay mövsümündə isə 13:30 radələrində olur. Qibləni müəyyənləşdirə bilməsəniz, təxmini bir istiqamət götürüb qıla bilərsiniz. Uca Allah buyurur: "Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah (hər şeyi) Əhatəedəndir, Biləndir". (əl-Bəqərə, 115). Əgər namaz qılıb qurtarandan sonra bəlli olsa ki, qibləni səhv təyin etmisiniz, namaz səhihdir və yenidən qılmağa ehtiyac yoxdur. Cabir (Allah ondan razı olsun) deyir: “Biz, Allahın Rəsulu (ona Allahın salavatı və salamı olsun) ilə yürüşə çıxmışdıq və (hava) dumanlandı. Qiblənin istiqamətini müəyyən etməyə çalışdıq və bu barədə ixtilafa düşdük. Hər kəs öz bildiyi kimi namazını qıldı və bizdən bir nəfər yönəldiyi istiqaməti nişanladı ki, sonradan bunu yoxlasın. Növbəti səhər biz baxıb gördük ki, biz qiblədən digər istiqamətə yönələrək namaz qılmışıq. Biz bu barədə Peyğəmbərə, Allahın ona salavatı və salamı olsun, bildirdik və o, bizə namazı təkrar qılmağı əmr etmədi və dedi: “Namazınız səhihdir”. (əl-Hakim, 743).
Teqlər: 
Paylaş: