İmam Hüseyni qətlə yetirənlərin cəzası
İbn Kəsir demişdir: “Hüseyni qətlə yetirənlərin başına gələn müsibətlərə dair nəql edilmiş rəvayətlərin əksəriyyəti səhihdir. Demək olar ki, onların hamısı dünyada ikən cürbəcür bəlalara düçar olmuş, kimisi xəstəlik tapmış, kimisi də dəli olmuşdur”.
Ayni demişdir: “Uca Allah fasiq, zalım Ubeydullah ibn Ziyadın cəzasını vermişdir. Allah onu hicrətin altmış yeddinci ilində Mövsuldan beş fərsəx uzaqda yerləşən əl-Cazir deyilən bir yerdə İbrahim ibn Əştər ən-Nəxəinin əli ilə məhv etmişdir. Onu da ibn Ziyadın üstünə Muxtar ibn Əbu Ubeydə əs-Səqəfi göndərmişdir. İbn Ziyad öldürüldükdən sonra həm onun, həm də tərəfdarlarının başları Muxtarın hüzuruna gətirildi. Bu vaxt bir ilan gəlib ibn Ziyadın ağzından girib burnundan çıxdı, sonra burnundan girib ağzından çıxdı. Sonra Muxtar onların başlarını Məkkəyə Muhəmməd ibn əl-Hənəfiyyəyə, bəzi rəvayətlərə görə Abdullah ibn Zubeyrə göndərdi, cəsədlərini isə yandırdı...”
İbn Abdul-Bər demişdir: “Hüseyn hicrətin 61-ci ilində aşura günü qətlə yetirilmişdir. (Onun qətlinə bais olmuş zalım) Ubeydullah ibn Ziyad hicrətin 67-ci ilində aşura günü öldürülmüşdür. Onu İbrahim ibn Əştər öldürmüş, sonra da başını kəsib Muxtara göndərmişdir. Muxtar da onu Abdullah ibn Zubeyrə, o da Əli ibn Hüseynə (Zeynalabidinə) göndərmişdir.”
Muxtar Əşəs ibn Rəbinin, Amr ibn Həccacın, Muhəmməd ibn Əşəsin və Ömər ibn Sədin kufə ziyalıları ilə birlikdə Bəsrəyə yollandığını biləndə onların ardınca adam göndərdi, onlar da Ömər ibn Sədi tutub Muxtarın yanına gətirdilər. Muxtar dedi: “Səni tutmağa bizi müvəffəq edən Allaha həmd olsun! Vallahi ki, mən səni qanına qəltan etməklə Muhəmməd Peyğəmbərin əhli-beytinin qəlbini şad edəcəyəm.” Sonra: “Ey Keysan, bunun boynunu ver!”- dedi, Keysan da onun boynunu vurdu.
Muxtar onun başını götürüb Mədinəyə - Muhəmməd ibn əl-Hənəfiyyəyə göndərdi. Bundan sonra Muxtar Şimr ibn zil-Cövşənin dostları ilə birlikdə Bəsrənin yaxınlığında qaldığını öyrəndi və öz adamlarını onların üstünə göndərdi. Beləliklə də, Muxtar onların hamısının axırına çıxdı.