Abdullah ibn Səlam haqqında
Abdullah ibn Səlam Peyğəmbərin səhabəsidir. Peyğəmbər Mədinə şəhərinə hicrət etdikdə Abdullah ibn Səlam onu görən kimi İslam dinini qəbul etmişdir. O, bu haqda xəbər verərək belə demişdir: “Allah Elçisi - sallallahu aleyhi və səlləm - Mədinəyə gələndə insanlar onun yanına getdilər. Belə deyildi: “Allah Elçisi gəldi, Allah Elçisi gəldi, Allah Elçisi gəldi!” Mən də ona baxmaq üçün gəlib insanların arasına girdim. Allah Elçisinin üzünə baxanda onun yalançı adam olmadığını bildim. Onun ilk söylədiyi sözlər bunlar idi: “Ey insanlar, salamı yayın, yoxsullara yemək yedirdin və insanlar gecə yatarkən namaz qılın ki, salamatlıqla Cənnətə girəsiniz”. (ət-Tirmizi, 2485).
Abdullah ibn Səlam İslamdan əvvəl yəhudi dininə mənsub idi. O, həmqəbilələri arasında Tövratı ən yaxşı bilən, hörmətli bir şəxs idi. Abdullah ibn Ömər rəvayət edir ki, bir dəfə yəhudilər Peyğəmbərin yanına gəlib içərilərindən bir kişinin bir qadınla zina etdiyini ona xəbər verdilər. Peyğəmbər onlardan soruşdu: “Tövratdan daşqalağa aid nə bilirsiniz?” Onlar dedilər: “Biz zinakarları hər yerdə biabır edir, üstəlik də şallaqlayırıq.” Abdullah ibn Səlam dedi: “Yalan danışdınız! Həqiqətən, Tövratda zinakarları daşqalaq etmək əmr olunmuşdur.” Belə olduqda onlar Tövratı gətirib (onun bükülü səhifələrini) açdılar, sonra onlardan biri əlini daşqalaq ayəsinin üstünə qoydu və bu ayədən həm əvvəlki, həm də sonrakı ayələri oxudu. Abdullah ibn Səlam dedi: “Qaldır əlini!” Adam əlini qaldırdı və orada daşqalağa aid ayə olduğunu hamı gördü. Onda onlar dedilər: “Ey Muhəmməd, Abdullah düz deyir, bu Kitabda daşqalaq ayəsi vardır.” Bundan sonra Peyğəmbərin əmri ilə zinakarları daşqalaq etdilər. (əl-Buxari, 3635).
Abdullah ibn Səlam hələ sağlığında ikən Peyğəmbər tərəfindən Cənnətlə müjdələnmişdir. Rəvayət edilir ki, Abdullah ibn Səlam demişdir: “Peyğəmbərin zamanında mən bir yuxu gördüm və bu yuxunu ona danışdım. Yuxuda gördüm ki, bir bağın içindəyəm.” (Abdulla ibn Səlam) bağın geniş və yaşıl olduğunu vəsf etdikdən sonra dedi: “Bağın ortasında aşağı tərəfi yerdə olan, yuxarı tərəfi isə göyə çatan bir dəmir dirək, dirəyin də başında bir tutqac var idi. Kimsə mənə dedi: “Çıx yuxarı!” Dedim: “Bacarmaram!” Bu vaxt yanıma bir xidmətçi gəlib arxa tərəfdən mənim paltarımın ətəyini qaldırdı və mən dirəyə çıxmağa başladım. Haçandan-haçana dirəyin başına çatıb tutqacdan yapışdım. Yenə kimsə mənə: “Tutqacdan möhkəm yapış!”- dedi və mən yuxudan oyandım. Baxdım ki, həmin tutqac əlimdə qalmışdır. Mən bu hadisəni Peyğəmbərə danışdım. Peyğəmbər buyurdu: “Gördüyün o bağ – İslam dinidir, dirək – İslamın dirəyidir, tutqac – ən etibarlı dəstəkdir, bu da o deməkdir ki, sən son nəfəsinə qədər müsəlman kimi qalcaqsan.” (əl-Buxari, 3813).
Həmçinin, Səd ibn Əbu Vəqqas demişdir: “Mən Peyğəmbərin Abdullah ibn Səlamdan başqa yer üzündə gəzən heç bir kimsəyə: “O, Cənnət əhlindəndir!”– dediyini eşitməmişəm. Onun barəsində bu ayə nazil olmuşdur: “De: “Bir deyin görək, əgər bu Quran Allah tərəfindəndirsə və siz də onu inkar etmisinizsə, İsrail oğullarından da bir şahid onun bənzərinə şahidlik edib iman gətiribsə, siz isə təkəbbür göstərmisinizsə, zülm etmiş olmazsınızmı? Allah zalımları doğru yola yönəltməz!” (əl-Əhqaf, surəsi, 10) (əl-Buxari, 3812).