Axirətə inanmayanları dəlillər əsasında necə inandırmaq olar?
Aleykum salam. Axirətə, həmçinin imanın digər şərtlərinə inanmayanlar və buna sübut istəyənlər əvvəlcə Quranı oxumalıdırlar. Qurandakı müasir elmin kəşf etdiyi faktların 14 əsr qabaqcadan xəbər verilməsi, keçmiş və gələcək haqqında məlumatlar, oradakı hökm və qanunların mükəmməlliyi, bütün cəhdlərə baxmayaraq Quranın dəyişdirilməsinin mümkün olmaması, ədəbi cəhətdən mükəmməlik və s. səbəblərə görə, məntiqini işlədən hər kəs qəbul edir ki, Quran Allahın sözüdür və heç bir insan onu yaza bilməzdi. Quran Allah sözü olduğu üçün haqqdır, və onun içindəki hər şey də haqqdır, həmçinin axirət barəsində məlumatlar da haqqdır. Daha ətraflı: Quranın Allah sözü olmasının sübutları
Həmçinin, istənilən ağlı başında olan bir insan gördüyü işləri müəyyən məqsəd üçün görür, heç kim boş-boşuna əməl etmir. Elə isə, pak və nöqsansız olan Allah haqqında belə zənn etmək məntiqsizdir və böyük səhvdir. Uca Allah buyurur: "Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?" (əl-Mu'minun, 115);
"Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır". (əl-Mulk, 2).
İnsanı dəyərsiz mayedən yaradan Allah, onu yenidən diriltməyə qadir olmazmı? Uca Allah buyurur: "Şübhəsiz ki, Allah onu dirildib qaytarmağa qadirdir". (ət-Tariq, 8);
"Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir". (ər-Rum, 27).
Həmçinin canlıları, yeri və göyü, saysız-hesabsız ulduzları, planetləri, qalaktikaları və neçə neçə bilmədiyimiz şeyləri yaradan Allah, Cənnəti və Cəhənnəmi yaratmağa qadir olmazmı? Uca Allah buyurur: "Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir. Bir şeyi yaratmaq istədikdə ona təkcə: "Ol!" deyər, o da olar. Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız". (Yə Sin, 81-83).