Yalançı namaz qılanlar da Cənnətdə olacaqsa, mən o Cənnətdə olmaq istəmirəm...

    01.12.2014
Sual: 
Salam Aleykum. Mənə çox maraqlıdır, namaz qılanların hamısı cənnətə düşəcəkmi? Mən adam tanıyıram ki, namaz qılır, oruc tutur, lakin yalançı şahidlik edir, haqqı danır, qəlbindəki kinin, nifrətin böyüklüyündən az qalır içi-içini yesin. Əgər cənnətdə bu cür namaz əhli olacaqsa və yaxud da bir müddət cəhənnəm əzabı çəkdikdən sonra cənnətə daxil olacaqlarsa vallah mən o cür cənnətdə olmağı heç arzu etmirəm. Baxmayaraq ki, özüm də namaz əhliyəm...
Cavab: 
Aleykum salam. Uca Allah buyurur: "Vay halına namaz qılanların – o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakarlıq edir və az bir şey verməkdən belə imtina edirlər". (əl-Maun, 4-7). Bir dəfə Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) səhabələrindən (radıyəllahu anhum) soruşmuşdur: "Bilirsinizmi müflis kimdir?", səhabələr (Allah onlardan razı olsun) dedilər ki: "Ey Allahın Rəsulu, bizcə müflis pulu və malı olmayandır". Bunun üzərinə Rəsulullah belə buyurdu: "Ümmətimdən müflis o kimsədir ki, qiyamət günündə namaz, oruc və zəkat ilə gəlir, fəqət (bununla bərabər) birini söymüş, birinə iftira atmış, onun malını (haqsız olaraq) yemiş, bunun qanını tökmüş. Bundan dolayı onun yaxşılıqlarından bütün haq sahiblərinə verilir. Üzərində olan haqlar ödənmədən savabları tükənirsə, onda haqq sahiblərinin günahları o kimsəyə yüklətilir və sonra o kəs Cəhənnəmə atılır". (ət-Tirmizi).
Qiyamət günü hər kəs öz əməllərinə görə cavab verəcək: "O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır". (əz-Zəlzələ, 6-8).
"O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır...". (Ali İmran, 30). 

Ona görə də siz belə insanlara baxıb ruhdan düşməməli, öz əməlləriniz barədə düşünməlisiniz. Kimin Cəhənnəmdə nə qədər qalacağını yalnız Allah bilir. Oradakı əzab çox şiddətlidir. Heç əlinizi oda tutub 1 dəqiqə saxlaya bilərsinizmi? Halbuki Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir ki, Cəhənnəm odu dünyadakından 70 dəfə daha şiddətlidir.
Həmçinin "mən o Cənnətdə olmaq istəmirəm" sözünə görə tövbə etmək lazımdır. Belə çıxır ki, Cəhənnəmdə olmaq istəyirsiniz? Ona görə də dini öyrənməyə daha çox vaxt ayırmaq, Qurani kərimi və səhih hədisləri oxumaq lazımdır.
Paylaş: