Tövbəni dəfələrlə pozmaq böyük günahdırmı?
Aleykumu-s-sələm va rahəmətullahi va bərakətuhu. Tövbədə əsas olan şey möminin etdiyi günahın fərqinə vararaq, peşmançılıq hissi keçirməsi, etdiyi əməlin çirkin bir iş olduğunu bilməsi və onu bir daha təkrarlamamasıdır. Tövbə etdikdən sonra tövbəni pozaraq yenidən pis iş görmək və beləliklə bunu dəfələrlə təkrarlamaq böyük günahlardandır. Uca Allah buyurur: "O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər". (Ali-İmran, 135)
Ancaq müsəlman olan kəs tövbəsini neçə dəfə pozsa da, Allahın mərhəmətindən ümidini üzməməli və yenə günahını bağışlanması üçün Ona tövbə etməlidir. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" (əz-Zumər, 53); "Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar". (əl-Furqan, 68-71).
Rəvayət edilir ki, bir kişi peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib belə dedi: "Sən heç bir günah buraxmadan bütün günahları edən kişi görmüsənmi? O, nəfsinin istədiyi elə bir günah qalmayıb ki, onu etməmiş olsun. Ona tövbə varmı?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Sən İslamı qəbul etmisən?" O dedi: "Mənə gəlincə, mən şahidlik edirəm ki, Allahdan başqa haqq ilah yoxdur, O təkdir, şəriki yoxdur və sən Allahın elçisisən!" Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) buyurdu: "Bəli, xeyir əməllər et və pis əməlləri tərk et! (Belə etsən,) Allah pis əməllərinin hamısını sənin üçün xeyir əməllərə çevirər". O dedi: "Fırıldaqçılığımı və günah əməllərimi də?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Bəli". O da: "Allahu Əkbər!" - deyə-deyə gözdən itdi".
Günahı necə tərgitmək haqqında bu cavabı oxuyun: Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?