Arzunun həyata keçməsi üçün imamlara salavat göndərmək olarmı?

    27.11.2014
Sual: 
Salam.Əgər yazılıbsa imamlara 100 salavat göndər.hansısa arzun yernə yetəcək.100 salavatdan artıq göndərmək olarmı.yada səfən 100dən çox olubsa yenidən 100 dəfəni göndərmək lazımdırmı..(suallarmı cavablandırdığınız üçün ALLAH razı olsun)
Cavab: 

Aleykum salam. Arzuların həyata keçməsi üçün imamlara salavat göndərmək yox, Uca Allaha dua etmək lazımdır. Daha ətraflı: Duaların qəbul olması üçün nə etmək lazımdır?
Duanın ədəblərindən biri də duaya başlayarkən əvvəlcə Allaha şükr və təriflər etmək, sonra Peyğəmbərə (salləllahu aleyhi və səlləm) və onun ailəsinə salavat gətirmək, sonra öz istəklərini deməkdir. Amma dinimizdə Peyğəmbərin özünə demədən yalnız ailəsinə salavat gətirmək qadağandır. Uca Allah buyurur: "Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua (salavat) verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın". (əl-Əhzəb, 56).

Peyğəmbərə (salləllahu aleyhi və səlləm) göndərilən salavatın isə bir neçə deyiliş formaları vardır: Məsələn, "salləllahu aleyhi və səlləm", "Allahummə salli və səllim alə nəbiyyinə Muhəmməd", "Allahummə salli və səllim alə Muhəmmədin və alə əəli Muhəmməd" və digər deyiliş şəkilləri. Salavatın ən üstünü isə "İbrahim salavatı" deyilən salavat formasıdır: "Allahummə salli alə Muhəmmədin və alə əəli Muhəmməd, kəmə salleytə alə İbrahimə və alə əəli İbrahim, innəkə Həmidun Məcid, və bərik alə Muhəmmədin və alə əəli Muhəmməd, kəmə bəraktə alə İbrahimə və alə əəli İbrahim, innəkə Həmidun Məcid".

Ancaq peyğəmbər olmayan digər mübarək şəxslərə, kəramət sahiblərinə isə "radıyəllahu anhu - Allah ondan razı olsun" və ya "radıyəllahu ahnum - Allah onlardan razı olsun" deyə dua etmək olar. Bu dua forması xüsusən də səhabələrə aiddir. Bu haqda Uca Allah buyurur: "Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar. Onların Rəbbinin yanındakı mükafatı (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır (ərəbcə: radıyallahu anhum), onlar da Ondan razıdırlar. Bu (nemətlər), Rəbbindən qorxan kimsələrdən ötrüdür!" (əl-Beyyinə, 7-8).
Onların ardıcıllarına isə, məsələn, alimlərə, dünyasını dəyişənlərə "rahiməhullahu - Allah ona rəhmət eləsin", sağ olanlara isə "hafizəhullahu - Allah onu qorusun" deyə dua etmək təqdirəlayiqdir. Həmçinin oxuyun:
Peyğəmbərə (salləllahu aleyhi və səlləm) salavat gətirməyin fəziləti
Neçə dəfə və hansı əl ilə salavat çəkilməlidir?

Teqlər: 
Paylaş: