İstixarə namazını qılıb, yatıb yuxu görmək doğrudur?
Aleykum salam. İstixarə namazının duasından bir hissə: "....Allahım! Bu işin (işin adını çəkir) mənim dinim, yaşayışım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – xeyirli olduğunu bilirsənsə onu mənə nəsib et, asanlaşdır, sonra da onu mənim üçün bərəkətli et. Bu işin mənim dinim, yaşayışım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – zərərli olduğunu bilirsənsə, onu məndən, məni də ondan uzaq et! Harada olsa, mənə xeyir nəsib et, sonra məni ondan razı sal!" (əl-Buxari, 7/162).
Bəziləri istixarə namazını qılandan sonra yuxuda nə isə görməyi və ya qəlbinə hansısa hiss gələcəyini gözləyirlər. Halbuki Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu haqda heç nə deməyib. Hansısa işə başlamazdan əvvəl istixarə namazı qılmış şəxs bu işi araşdırmalı, başqaları ilə məsləhətləşməli, bu işdə təcrübəsi olanlardan soruşmalı və əgər qərara gələrsə, o işi görməyə cəhd etməlidir. Əgər iş alınarsa, bunun o insan üçün xeyirli olmasına ümid edilir. İstixarə namazı qıldıqdan sonra həmin iş alınmayıbsa, bunun daha xeyirli olması hesab olunur, çünki Uca Allah buyurur: "Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz". (əl-Bəqərə, 216). Həmçinin oxuyun: İstixarə namazı necə qılınır?