Cənazəsində 70 min mələk iştirak etmiş səhabə kimdir və sədəqə haqqında
Aleykum salam. Həmin səhabənin adı Sa'd ibn Muazdır. Sad ibn Muaz Xəndək döyüşündə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) önündə sinəsini sipər etmiş, bir ox onun şah damarına saplanması ilə çox qan itirmişdi. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) aldığı yaradan yatağa düşən Sa'd ibn Muazı (Allah ondan razı olsun) bir neçə dəfə ziyarət etdi. Ancaq Sa'd ibn Muaz (radıyəllahu anhu) getdikcə ağırlaşan xəstəliyi ilə axirətə yaxınlaşırdı. Onun vəfat xəbərini Cəbrail (aleyhi-s-sələm) çatdırmışdı: "Sa'd ibn Muazın (Allah ondan razı olsun) vəfatı ilə ərş lərzəyə gəldi". Allah Rəsulu (salləllahu aleyhi və səlləm) yerindən qalxıb Sa'dın evinə tələsdi. Səhabələr də Onun ardınca getdilər. Kiminin xirqəsi düşür, kiminin isə ayaqqabısı ayağından çıxırdı. Allah Rəsuluna (salləllahu aleyhi və səlləm) çatmaq mümkün olmurdu. Səhabələr "Bizi yordun, ya Rəsulullah" – dedilər. Niyə bu qədər tələsdiyini bilmirdilər. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) tələsməyinin səbəbini belə izah etdi: "Mələklər bizdən öncə yetişib Hanzala kimi Sa'dın (radıyəllahu anhu) cənazəsini də yumasından və bu şərəfdən məhrum olmaqdan qorxdum, ona görə tələsdim". Cənazə namazında Allah Rəsulu (salləllahu aleyhi və səlləm) ayaqlarının ucunda yeriyirdi. Səbəbini soruşanlara: "O qədər mələk var ki, addım atmağa yer tapmıram" - buyurdu. Səhabələr Sa'd ibn Muazın (Allah ondan razı olsun) cənazəsini aparanda "Ya Rəsulullah, biz bu qədər asan aparılan cənazə görməmişik" dedilər. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Sa'dın (radıyəllahu anhu) dəfninə yetmiş min mələk endi. İndiyə qədər bu qədər izdihamla yer üzünə enməmişdilər". (əl-Buxari "Mənaqibul-Ənsar", 12; Muslim "Fədailus-Sahabə", 123, 125; ət-Tirmizi "Mənaqib", 3847; əl-Heysəmi Məc'məuz-Zəvaid", 9/308-310; İbn Əsir Usdul-Ğabə", 2/221-225; əz-Zəhəbi "Siyəru aləmin-nubələu", 1/287, 294). Həmçinin oxuyun: Sədəqə haqqında