İlk dəfə şirk necə yaranıb və ilk bütə tapınan insanın adı nə olub?

    04.12.2014
Kimdən: 
quba
Sual: 
ess salam aleykum .ilk defe butu yaradan insanlari onan devet eden ve ona ibadet eden sexs kim olub mumkunduse buna etrafli cvb veresiz
Cavab: 

Aleykum salam. İlk şirk Nuh peyğəmbərin (Allahın ona salamı olsun) dövründə yaranıb. Amma ilk şərik qoşanın adı barəsində isə şəriətdə məlumat verilmir. İlk dəfə şirk edən Nuhun (Ona Allahın salamı olsun) qövmü olmuşdur. Vad, Suva və Yağus adlı saleh insanlar vəfat etdikdən sonra qövmü onları həddən artıq ucaltmış, və daha sonra onlara ibadət etməyə başlamışlar. (Təfsir İbn Kəsir, 4/372-373).
İbrahim peyğəmbərin (Allahın ona salamı olsun) dövründən sonra Ərəbistana ilk dəfə büt gətirən şəxs Amr ibn Amir ibn Luhey əl-Xuzəidir. (əl-Buxari, 3521). Şamda olarkən insanların bu bütlərin xeyir verib şərdən çəkindirdiklərini iddia edərək, onlara ibadət etdiklərini görüb, özü ilə Məkkəyə gətirmiş və beləliklə də, ərəblərin bütlərə ibadət edib Allaha şərik qoşmalarına səbəb olmuşdur.
Aişə (radıyəllahu anhə) belə demişdir: "Günəşin üzü tutulduğu zaman peyğəmbər (salləllahu aleyhi və səlləm) qalxıb (namaz qıldı və) uzun bir surə oxudu. Sonra rükuya getdi və rükunu uzatdı sonra rükudan qalxdı və başqa bir surə oxuduqdan sonra (yenə) rükuya getdi, rükunu tamamladıqdan sonra səcdəyə qapandı, ikinci rükəti də bu qaydada yerinə yetirdikdən sonra dedi: "Günəşin və ayın tutulması Allahın dəlillərindəndir. Bunu gördüyünüz zaman (onların üzü) açılanadək namaz qılın. Mən dayandığım bu yerdə mənə vəd edilən hər şeyi gördüm. Siz mənim qabağa addım atdığımı gördüyünüz zaman mən Cənnətdən bir salxım (üzüm) götürmək istəyirdim. Mənim arxaya çəkildiyimi gördüyünüz zaman isə mən Cəhənnəmin (içindəkilərinin) bir-birini yandırıb-yaxdığını gördüm. Mən Cəhənnəmdə Amr ibn Amir ibn Luheyi gördüm. Bu o kimsədir ki, saibəni sərbəst buraxmışdır (ardıcıl olaraq on dişi balalayan və buna görə ərəb bütpərəstləri tərəfindən sitayiş edilən dişi dəvəyə deyilir. Bütpərəstlər onu sərbəst buraxır, ona minmir, onunla yük daşımır, yununu qırxmır və südünü də ancaq qonağa verərdilər. Bu pis adəti isə ilk dəfə ərəblər arasında Amr ibn Amir ibn Luhey əl-Xuzəi salmışdır)". (əl-Buxari, 1212).
Əbu Hureyra (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Mən gördüm ki, Amr ibn Luhey bağırsaqlarını sürükləyərək Cəhənnəmdədir. O, kimsə İsmailin (aleyhissələm) dinini dəyişdirən ilk kimsə idi. Bəzi ev heyvanlarını müqəddəsləşdirmək adətini o, gətirdi. "Bahirə, Saibə, Vəsilə və Haminin heç birisini Allah qanuni buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydururlar". (əl-Maidə, 103).
İbn İshaq (rahiməhullahu) isə belə demişdir: "Saibə – doqquz dənə erkək dəvə doğan dişi dəvənin adı idi. Ərəblər belə bir dəvənin üzərində oturmaz, onunla yük daşımaz, tükünü qırxmaz və onun südündən yalnız qonaq içə bilərdi. Əgər dəvə bu doqquz erkək dəvədən sonra bir dənə dişi doğardısa onu da anası ilə bərabər müqəddəsləşdirərdilər və ona Bahirə – Saibənin qızı deyərdilər. Vəsilə – qoyun idi. Beş hamiləlik müddətində doqquz dişi qoyun doğdu-ğuna görə belə adlanırdı. Hami – erkək dəvə idi; "Onlar: "Bu mal-qaranın qarınlarındakı balalar kişilərimizə halal, qadınlarımıza isə haramdır" - deyirlər. Əgər o bala ölü doğularsa, hamısı onu yeməyə şərik olurlar. Allah onları bu vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, Müdrikdir, Biləndir". (əl-Ənam, 139)". (əl-Buxari, 4623; Muslim; Əhməd, 2/257; İbn Hişam, 1/76). Həmçinin oxuyun: Şirk necə yaranmışdır?
 

Teqlər: 
Paylaş: