Bu günə qədər haqqına girdiyim insanların hamısından halallıq almaq istəyirəm...
Aleykum salam. Bu çox gözəl əməldir, çünki Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Kimin üzərində din qardaşının haqqı varsa bunu ona halal etdirsin. Çünki o gün (qiyamət günü) borcunu vermək üçün nə dinar vardır, nə də dirhəm. (Bu borcunu) onun savablarından alınıb ona verilmədən və ya yaxşı əməlləri (savabları) olmadıqda, veriləcək kimsədən günahları alınıb borcluya yüklənmədən əvvəl bunu etsin (yəni Qiyamət günü və ölüm gəlmədən bunu ödəsin və ya halallığını istəsin)". (əl-Buxari).
Onlarla artıq heç bir əlaqəniz yoxdursa, ancaq niyyətiniz var ki, onlarla halallaşasınız, bu zaman bir daha o günaha qayıtmamaq şərti ilə səmimi qəlbdən tövbə etmək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Doğrudan da bütün əməllər niyyətlərə görədir. Hər kəs etdiyi niyyətin savabına nail olacaqdır". (əl-Buxari; Muslim). Tövbə etdikdən sonra onlar haqqında insanların yanında gözəl danışmaq, onların xeyirli əməllərini və ya xüsusiyyətlərini xatırlatmaq lazımdır. Bu həmçinin, əlaqəniz olduğu, lakin onlarla danışmağınızın fitnəyə səbəb olacağından qorxduğunuz hala da aiddir. Həmçinin oxuyun: Qul haqqı barədə