Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?

    10.01.2014
Sual: 
Salam aleykum. Namaz gündə üç defe qilinmalidir, yoxsa beş dəfə...?
Cavab: 

Və aleykum Salam. Ayə və hədislərə görə namaz gün ərzində beş dəfə qılınmaldır. Abdullah ibn Abbasdan (Allah ondan razı olsun) "namazın gündə beş dəfə qılınmasına aid Quranda ayə varmı?" soruşduqda, "Bəli" deyə cavab vermiş və aşağıdakı ayələri demişdir: "Odur ki, siz axşama çatanda (məğrib və işa namazları) və səhərə çıxanda (sübh namazı) Allahın şərəfinə çoxlu tərif söyləyin. Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşam çağında da (əsr namazı), günortaya yetişəndə (zöhr namazı) də Onun şərəfinə təriflər deyin!" (ər-Rum, 17-18). (ət-Tabəri, 20/84).
Bəzən "axşama çatanda" ifadəsinin niyə bir yox, iki namazı bildirdiyi soruşulur. Bunun cavabı aşağıdakı ayədədir: "Gündüzün iki başında (əvvəlində və axırında - zöhr və əsr) və gecənin bəzi saatlarında namaz qıl!" (Hud, 114). Buradakı "gecənin bəzi saatlarında" ən azı iki namaz, məğrib və işa nəzərdə tutulur. Namaz vaxtları qeyd edilən digər ayələr də var: "Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan". (Ta Ha, 130). Bu ayəyə əsasən də, namazların sayı beşdir. Uca Allah buyurur: "Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz qıl. Sübh namazını da qıl. Çünki sübh namazı müşahidə olunur". (əl-İsra, 78).
Həmçinin, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə deyir: "Uca Allah buyurdu: "Sənin ümmətinə beş namazı vacib etdim. Mən onları vaxtında qılanı Cənnətə salacağıma dair dərgahım­da əhd etdim. Onları vaxtında qılmayanın isə dərgahımda heç bir əhdi yoxdur".​ (İbn Macəh, 1403). Başqa hədisdə peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrinə (Allah onlardan razı olsun) belə demişdir: "Deyin görüm, sizlərdən hər hansı birinizin qapısı önündən bir çay axarsa və həmin şəxs o çayda gündə beş dəfə çimərsə, onun bədənində çirkdən əsər-əlamət qala bilərmi?" Səhabələr (Allah onlardan razı olsun): "Xeyr, Ya Rəsulallah! Heç bir şey qalmaz" dedilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm: "Gündə beş dəfə qılınan namaz da buna bənzəyir. Allah qılınan namazla günahları silir" - deyə buyurdu. (Səhih əl-Buxari, 528; Səhih Muslim, 667, 1077).
Habelə, Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Muaz ibn Cəbəli (Allah ondan razı olsun) Yəmənə göndərəndə ona belə demişdir: "...Onlara bildir ki, Allah onlara hər gecə və gündüz beş dəfə namaz qılmağı vacib etmişdir...". (Səhih əl-Buxari, 1395; Səhih Muslim, 19).

Teqlər: 
Paylaş: