Borcu olan imkanı olduğu halda qaytarmırsa, nə etmək lazımdır?

    25.12.2014
Sual: 
Salam, eger issiz dul bir qadina uzun muddet evvel borc pul vermisemse ve hemin qadin da imkani oldugu halda muxtelif yalanlarla borcu geri odemek istemirse (nomre deyismek ve s.) onda ne etmek duzgun olardi? Yani burda meni dusunduren hec kimin ahini almamaqdir ve dinimize gore duzgun davranmaq onemlidir menim ucun. Tesekkurler
Cavab: 

Aleykum salam. Əvvəlcə ona nəsihət etmək lazımdır. Borcu qaytarmamaq qul haqqına girməkdir, bu da böyük günahdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kimin üzərində din qardaşının haqqı varsa bunu ona halal etdirsin. Çünki o gün (qiyamət günü) borcunu vermək üçün nə dinar vardır, nə də dirhəm. (Borcu olanın) onun savablarından alınıb ona (borclu olduğu şəxsə) verilmədən və ya yaxşı əməlləri (savabları) olmadıqda, veriləcək kimsədən günahları alınıb borcluya yüklənmədən əvvəl bunu etsin (yəni Qiyamət günü və ölüm gəlmədən bunu ödəsin və ya halallığını istəsin)". (əl-Buxari). Daha ətraflı: Qul haqqı barədə
"Zənginin (imkanı olanın) borcunu gecikdirməsi zülmdür". (əl-Buxari: "Həvalə", 1-2; Muslim: "Musaqat", 33).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) həmçinin borcu olaraq ölənin cənazə namazını özü qıldırmamış, səhabələrə qıldırmağı əmr etmişdir.
Nəsihət etdikdən sonra qaytarmasa, şəriətə əsasən qazıya müraciət edilir.

Uca Allah buyurur: "Əgər borclu olan adam ağır şərait içindədirsə, onun vəziyyəti düzələnə qədər ona möhlət verin. Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir". (əl-Bəqərə, 280).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "İnsanlara borc verən bir tacir var idi. Çətin vəziyyətdə qalan birini görüncə uşaqlarına, onun borcunu bağışlayın, bəlkə Allah də bizi bağışlayar deyərdi. Nəhayət Allah da onu bağışladı". (əl-Buxari).

Həmçinin borc verərərkən Allahın buyurduğu şəkildə, şahidlərin iştirak etməsi və  borcu yazmaq vacibdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. Qoy o yazsın, borc alan da (götürdüyü borcun miqdarını) yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç nə əskiltməsin. Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun (etibarlı) yaxın adamı (borcu) ədalətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını (şahid tutun) ki, (qadınlardan) biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər (şahidlik etməyə) çağırıldıqda boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, (həmin məbləği və) onun vaxtını yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alver etdikdə şahid tutun. Amma katibə və şahidə zərər verilməməlidir. Əgər (zərər) yetirsəniz, şübhəsiz ki, bu, sizin üçün günahdır. Allahdan qorxun, Allah da sizi öyrətsin. Allah hər şeyi bilir". (əl-Bəqərə, 282).

Teqlər: 
Paylaş: