Namaz qılıb günah etməkdənsə, heç qılmamaq daha üstün deyilmi?
Salam aleykum. Namaz qılmamaq özü ən böyük günahlardandır. Ona görə də namaz qılaraq günah edən, namaz qılmayıb günah edəndən daha az günah qazanır. Namaz həmçinin kiçik günahları silir. Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) səhabələrinə (Allah onlardan razı olsun) demişdir: "Deyin görüm, sizlərdən hər hansı birinizin qapısı önündən bir çay axarsa və həmin şəxs o çayda gündə beş dəfə çimərsə, onun bədənində çirkdən əsər-əlamət qala bilərmi?" Ona qulaq asanlar: "Xeyr, Ya Rəsulallah! Heç bir şey qalmaz" dedilər. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm): "Gündə beş dəfə qılınan namaz da buna bənzəyir. Allah qılınan namazla günahları silir" - deyə buyurdu. (əl-Buxari).
Namaz həmçinin böyük günahlardan çəkindirir. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir". (əl-Ənkəbut, 45).
Bu o demək deyil ki, namaz qılan günah etməkdə sərbəstdir. Hər kəs bunun cəzasını düşünərək günahlardan çəkinməlidir. Amma günahlardan çəkinməyin ən birinci yolu da namaz qılmaqdır. Həmçinin oxuyun: Namaz qılmadan Cənnətə girmək olarmı?