İmam əl-Buxari kimdir?
Muhəmməd ibn İsmail əl-Buxari hicrətin 194-cü ilində şəvval ayının on biri cümə günü, Xərtənk adlı, Buxara şəhərinə yaxın bir kənddə dünyaya gəlmişdir. O, atasını tez itirmiş və erkən uşaqlıq çağında gözləri tutulmuşdur. Bir müddət sonra anası yuxusunda İbrahim peyğəmbəri görmüş və ondan bu sözləri eşitmişdir: “Ey filankəs, sənin çoxsaylı dualarına görə Allah sənin oğluna görmə qabiliyyətini qaytardı.”
Hələ uşaq ikən Allah ona hədisləri yadda saxlamaq istedadı bəxş etdi. Əbu Cəfər Muhəmməd ibn Əbu Hatim əl-Bərrak demişdir: “Bir dəfə mən Əbu Abdullah əl-Buxaridən soruşdum: “Sən hədisləri necə öyrənməyə başlamısan?” O, belə cavab verdi: “Yaşım on və ya ondan da az olarkən mən yenicə oxumağı öyrənməyə başlayanda hədislərin yadda saxlanılmasının zəruriliyi fikri mənə təlqin edilmişdi. Sonra mən məktəbi tərk etdim, gah bu və gah da başqa bir müəllimin yanında oxumağa başladım. On altı yaşım tamam olanda mən artıq ibn Mübarəkin və Vəkinin kitablarını və onların rəylərini əzbər bilirdim. Sonra anam və qardaşımla birlikdə Məkkəyə getdim və hədisləri toplamaq məqsədilə orada yaşamağa başladıq. On səkkiz yaşım olduqda isə səhabələr və onların ardıcılları, onların fikir və rəyləri haqqında məlumatları toplayıb kitab halına saldım.”
İmam əl-Buxari özünü tamamilə elmə və ibadətə həsr etmişdir. O, tez-tez belə deyərdi: “Mən həyatım boyu heç kimdən bir dirhəmlik də olsa bir şey satın almamışam və heç kimə bir dirhəmlik də belə olsa bir şey satmamışam.” Bir dəfə ondan soruşurlar ki, bəs çörəyi necə almışdır? Bu suala əl-Buxari belə cavab vermişdir: “Mən bunu kiməsə tapşırardım, onlar da mənim üçün alardılar.”
İmam əl-Buxari hədsiz utancaqlıqla, cəsarəti, əliaçıqlığı, möminliyi və ləyaqəti ilə fərqlənərdi. Bir dəfə bir hökmdar uşaqlarına dərs vermək üçün onun dalınca adam göndərir, lakin Buxari ona xəbər göndərir ki, elm axtaranlar bilənlərin yanına özləri gəlməlidir və hökmdarın yanına getməkdən imtina edir.
O, gündüzlər tez-tez oruc tutar, gecələr namaz qılar, xüsusilə də mübarək Ramazan ayında çoxlu Quran oxuyardı.
Allahın ona hələ uşaqlıq çağlarında gözəl yaddaş verməsi gözə çarpırdı. Xaşid ibn İsmail aşağıdakıları rəvayət etmişdir: “Bəsrədə Əbu Abdullah Muhəmməd ibn İsmail əl-Buxari, hələ gənc ikən, bizimlə birlikdə hədis biliciləri olan müxtəlif şeyxlərin görüşünə gedərdi və heç vaxt qeydlər aparmazdı. Bir neçə gün sonra biz ona belə deməyə başladıq: “Sən bizimlə müxtəlif şeyxlərin görüşünə gedirsən, amma heç nə qeyd etmirsən, niyə belə edirsən?” On altı gündən sonra o bizə dedi: “Siz, həqiqətən, çox danışır və mənə irad tutursunuz! Göstərin mənə, nə yazmısınız”. Biz də on beş mindən çox hədis qeyd etdiyimiz vərəqlərimizi çıxartdıq, o isə bunların hamısını əzbərdən deməyə başladı və biz isə onun yaddaşına əsasən oxuduqları ilə öz qeydlərimizdə düzəlişlər etdik. Sonra o soruşdu: “Siz indidəmi hesab edirsiniz ki, mən müxtəlif şeyxlərə zarafat xatirinə baş çəkir və vaxtımı hədər yerə sərf edirəm?” – və bundan sonra bizə məlum oldu ki, yaddaşda heç kim onu ötüb keçə bilməz.”
Buxari hələ gənc ikən hədis dinləmək istəyən bəsrəlilər, istədiklərinə nail olana qədər onun ardınca düşər, onu hər hansı bir yolun üstündə oturdar və ətrafına minlərlə dinləyici yığışardı, onların əksəriyyəti onun, o zaman bığsız gənc olmasına baxmayaraq, dediklərini yazardılar.
Buxarinin gözəl yaddaşa malik olması və mütləq dəqiqliklə fərqlənməsinə bir sübut da onun bir dəfə Səmərqəndə gələrkən dörd yüz nəfər hədis bilicisi ilə görüşməsidir. Onlar öz aralarında Şamdan və İraqdan olan hədislərin isnadını (rəvayətçilərin adlarını) qarışdıraraq, bəzi hədislərin isnadını başqalarının mətninə qatdılar və bunların hamısını əl-Buxariyə oxudular. O isə hansı isnadın əslində hansı mətnə aid olduğunu bir-bir göstərdi və onları müvafiq qaydada düzdü və orada olanlardan heç kim heç bir isnadda və ya mətndə bir yanlışlıq tapa bilmədi. Belə bir hadisə Bağdadda da olmuşdu.
Muhəmməd ibn İsmail əl-Buxari elm öyrənmək üçün Şam, Misir, Bəsrə, Bağdad, Kufə, Dəməşq, Hicaz (Məkkə, Mədinə), Bəlx, Xorasan, Nisabur kimi bir çox yerlərə səfər etmişdir. Buxari getdiyi müxtəlif ölkələrdə görüşdüyü mindən çox şeyxdən eşitdiyi hədisləri rəvayət etmişdir. Onun tələbələrinin sayı olduqca çoxdur. Fərabri demişdir: “Buxarinin “Səhih” əsərini onun özündən doxsan min nəfər eşitmişdir.” Onlardan bəziləri aşağıdakılardır:
Muslim ibn Həccac, Əbu İsa Tirmizi, Mərvəzi, Nəsai, Abdullah ibn əl-Munir, əl-Musnədi, İbn Quteybə, İshaq əs-Sərmari və başqaları.
İmam əl-Buxarinin müasirləri olmuş alimlərin böyük əksəriyyəti onu tərifləmişlər. Bir dəfə İmam Müslim İmam Buxarinin alnından öpərək ona demişdir: “Ey müəllimlərin müəllimi, mühəddislərin ağası və hədis qüsurlarının həkimi, icazə ver başından öpüm” və bundan sonra o, görüşə görə günahların bağışlanması haqqında hədisə dair bir sual vermişdi və Buxari də ona bu hədisin qüsurlarını göstərmişdi. O izah edib qurtardıqdan sonra, Müslim ona demişdi: “Ancaq paxıl adamlar sənə nifrət edə bilər! Şahidlik edirəm ki, bu dünyada sənə bərabər olan yoxdur!”
Bundər demişdir: “Ən yaxşı mühəddis dörd nəfərdir: Reyli Əbu Zura, Nisaburlu Müslim, Səmərqəndli əd-Darimi və Buxaralı əl-Buxari.”
İmam Əhməd demişdir: “Xorasanda hələ onun misli-bərabəri olmamışdır.”
Əbu Hatim ər-Razi demişdir: “Həqiqətən, o, Bağdada gələnlərin ən bilicisi idi.”
İbn Xuzeymə demişdir: “Göy qübbəsi altında Allahın Rəsulunun – ona və ailəsinə Allahın salavatı və salamı olsun - hədisləri haqqında Buxaridən daha məlumatlı nə bir adam, nə də daha çox hədis yadda saxlayan görmüşəm.”
Tirmizi demişdir: “Mən nə İraqda, nə də Xorasanda tarixi Muhəmməd ibn İsmaildən daha yaxşı bilən, hədislərin və onların isnadlarının qüsurlarını araşdıran daha üstün olanını görmədim.”
Nəsai demişdir: “O, inanılmaz dərəcədə zəkalı bir mühəddisdir. İslam tarixində ilk səhih kitab yazan da odur.”
İbn Kəsir demişdir: “O, bir dəfə kitaba baxmaqla onu əzbərləyərdi.”
İbn Mücahid demişdir: “Muhəmməd ibn Səlləmin yanında idim. O mənə dedi: Bir az əvvəl gəlmiş olsaydın, sənə yetmiş min hədis əzbər bilən uşağı göstərərdim.”
İmam Buxari hicrətin 256-cı ilində Buxaradan Səmərqəndə gedərkən vəfat etmişdir. Allah ona rəhmət etsin!