Evdən çölə çıxmadığım üçün bilmirəm necə sədəqə verim?
Aleykum salam. Əgər evdən çölə çıxmırsınızsa, kasıb, ehtiyacı olan qohumlara, qonşulara və s. verə bilərsiniz. Yaxud kiminləsə göndərə bilərsiniz. Həmçinin ailə üzvlərinə sədəqə vermək olar. Əbu Hureyrə (radıyəllahu anhu) Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) belə buyurduğunu nəql etmişdir: "Allah yolunda istifadə olunmaq üçün sərf edilən, kölə azad etmək üçün verilən, yoxsula sədəqə kimi verilən və bir də ailə üzvlərinin ehtiyacları üçün xərclənən pullar arasında ən çox savabı ailə üzvlərinə sərf edilənlər qazandırır". (Muslim).
Özünün ehtiyacı ola-ola sədəqə vermək də ən xeyirli əməllərdən sayılır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurub: "Üç şey vardır ki, onları özündə cəm edən şəxs, imanı özündə cəm etmiş olar: özünə qarşı insafla rəftar etmək, hər kəsə salam vermək və kasıb ola-ola (özünün ehtiyacı olduğu halda) malından başqalarına xərcləmək". (əl-Buxari).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) Əbu Zərrə (radıyəllahu anhu) tövsiyəsində buyurmuşdur: "Ey Əbu Zərr, sən sulu yemək bişirəcək olsan suyunu çox et və qonşuna da ver". (Muslim).
Həmçinin sədəqə yalnız malından kiməsə nəsə verməklə tamamlanmır. Əbu Zərr (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) belə buyurub: "Müsəlmanın digər bir müsəlmanın üzünə təbəssüm (gülümsəməsi) etməsi onun üçün bir sədəqədir, yaxşlığı əmr edib pislikdən çəkindirmək sədəqədir, yolunu azmış birinə yol göstərmək sənin üçün bir sədəqədir, gözü görməyənə göstərmək sənin üçün sədəqədir, yoldan tikanı, daşı, sümüyü aradan qaldırmaq sənin üçün sədəqədir, öz qabından qardaşının qabına tökmək sənin üçün sədəqədir". (ət-Tirmizi, 1956).
Həmçinin gündəlik "Duha" (səhər, gündüzün başlanğıcına deyilir) namazını qılmaq insanın oynaqlarının sədəqəsidir. Duha namazı iki rükət və daha çox cüt sayda qılınan sünnət namazıdır. Bu namazın neçə rükət qılınmasına heç bir məhdudiyyət yoxdur. ("əş-Şərhu-l-Mumti alə Zədu-l-Mustəqnəi" kitabı, 4/117-119).
Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurdu: "Hər biriniz bədən sümüklərinin və oynaqlarının haqqını ödəməlidir. Hər bir təsbih (Subhənəllah), hər bir təhmid (Əlhəmdulilləh), hər bir təhlil (Lə iləhə illəllah), hər bir təkbir (Allahu Əkbər) sədəqədir. Yaxşı işləri əmr etmək və pis işlərdən çəkindirmək sədəqədir. Duha namazı isə bunların hamısını əvəz edir!" (Muslim, 1668).
Əbu Hureyrə (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) üç şeyi mənə nəsihət etdi: "Hər ayın üç gününü oruc tutmağı, iki rükət Duha namazı və yatmazdan əvvəl Vitr namazını qılmağı!" (Muslim, 1669). Həmçinin bu linki oxuyun: Gecə vaxtı verilən sədəqə Allahın qəzəbini söndürürmü?