Həyatda öz rolumu görmürəm...

    01.01.2015
Sual: 
Salam əleykum. Mənim 13 yaşım var. Bu günə qədər həyatda öz rolumu görmürəm . Yəni belə desəm hər şeyə mənasız olaraq görürəm. Birdən elə hesab edirəm ki həyatda mənim olmağımın faydası yoxdur. Mən bu fikirlərimdən əl çəkmək üçün hansı dualar oxuya bilərəm İndidən çox sağ olun
Cavab: 

Aleykum salam. Siz bilməlisiniz ki, Uca Allah heç kimi, o cümlədən sizi səbəbsiz olaraq yaratmayıb. Ümumən hər bir insanın yaradılmasının məqsədi onun Uca Allaha ibadət etməsi, Onun razılığını və Cənnəti qazanmasıdır. Daha ətraflı: Allah insanları niyə yaradıb? 
İnsanın dünyada da məqsədləri var. Uca Allah buyurur: "Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma". (əl-Qasas, 77).
Ailə qurmaq, təhsil almaq, insanlara fayda verən işlər görmək və s. bura aiddir.
Bu kimi fikirlərin səbəblərindən biri də imanın zəif olmasıdır. Uca Allah buyurur: "Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq". (ən-Nəhl, 97).
"Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik". (Ta Ha, 124).
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Nə qəribədir möminin halı! Bütün hər şeydə onun üçün xeyir var və bu yalnız möminə verilmiş bir nemətdir: Əgər bir şey onu sevindirirsə, o, Allaha həmd edir və həmin şey onun üçün xeyirə çevrilir, əgər ki, ona kədər üz verirsə, o səbr edir və bu da onun üçün xeyirə çevrilir". (Muslim, 2999).
Şeytanın bu cür vəsvəsələrindən qorunmaq üçün Allahı zikr etmək və ona dua etmək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) üzüntü və kədər anında bu duanı oxumağı buyurmuşdur: "Allahummə inniy abdukə, ibnu abdikə, ibnu əmətikə, nasıyətiy biyədikə, madın fiyyə hukmukə, adlun fiyyə qada­ukə, əs'əlukə bikulli ismin huvə ləkə, səm­meytə bihi nəfsəkə, əu ənzəltəhu fi kitəbi­kə, əu alləmtəhu əhədən min xalqikə, əu istə'sərtə bihi fi ilmil-ğaybi indəkə, ən təc'aləl-Qur'anə rəbiya qalbiy, və nura sadriy, və cəlaə huzniy, və zəhabə həm­miy - Allahım! Mən Sənin qulunam, qulu­nun oğluyam, kənizinin oğluyam! Kəkilim (məni idarə etmək) Sənin əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Ki­tabında nazil etdiyin yaxud yaratdıqlarından kiməsə öyrətdiyin yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalx­ması və  kədərimin getməsi (üçün səbəb) et!" (İmam Əhməd, 1/391).
Həmçinin gündəlik rejimi dəyişmək, dini öyrənməyə vaxt ayırmaq, faydalı şeylər oxumaq və öyrənmək və s. də bu fikirlərin keçməsinə səbəbdir. Həmçinin oxuyun:
İmanı artırmaq üçün nə etmək lazımdır?
Əlacsız qalıb ruhdan düşəndə hansı duaları oxumaq lazımdır?
Vaxtın boş keçməməsi üçün nə edim?

Teqlər: 
Paylaş: