Evlənərkən qadına mehr vermək vacibdirmi?

    31.12.2014
Sual: 
Salamun Aleykum mehr vermek ferzdimi? Mene mehr haqqinda etrafli melumat vere bilersiz
Cavab: 

Aleykum salam. Qadının könüllü şəkildə mehrdən imtina etdiyi hal istisna olmaqla, mehr verilməsi vacibdir. Uca Allah buyurur: "Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin!" (ən-Nisa, 4).
Mehr qadının şəxsi və toxunulmaz malıdır. Şəriətdə nigah zamanı qadına mehrin verilməsinin buyurulması qadının hüquqlarını qoruyur. Həmçinin heç kəsin, istər valideynin, istərsə də ərin qadının icazəsi olmadan onun mehrindən götürməyə haqqı yoxdur. Şəriət mehrin nə azına, nə çoxuna məhdudiyyət qoymamışdır. Bununla belə cavanlar çətinlik qarşısında qalıb evlənməkdən imtina etməsinlər deyə, evlənməyi asanlaşdırmaq məqsədi ilə mehrlərin az miqdarda təyin edilməsinə təşviq etmişdir. Mehri evlənmədən öncə, yaxud sonra vermək olar. Həmçinin bir hissəsini əvvəl, qalanını isə sonra vermək olar. Ənəs ibn Məlik (radıyəllahu anhu) rəvayət edir ki, Abdurrahmən ibn Avf (radıyallahu anhu) peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldi. Onun üzərində ətir izi qalmışdı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu haqda ondan soruşdu və o, ənsarlı bir qadınla evləndiyini bildirdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə dedi: "Ona nə qədər mehr vermisən? O dedi: Xurma dənəsi ağırlıqda qızıl vermişəm. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: Elə isə heç olmasa bir qoyun kəs və ziyafət ver". (əl-Buxari; Muslim; Əbu Dəvud, ət-Tirmizi; İbn Məcəh; ən-Nəsəi).
Əgər kişi qadına verəcəyi mehri təyin etməyibsə, o zaman adətən digər qadınlara verilən miqdarda mehr verməlidir. Əgər mehri təyin edibsə, təyin etdiyi mehri tam verməlidir. Vəd edilən mehri ödəməkdən boyun qaçırmaq olmaz. Belə ki, peyğəmbər demişdir: "Sizin vəfa göstərməli olduğunuz vəd, qadınları halal etdiyiniz mehrə sadiq çıxmağınızdır". (əl-Buxari; Muslim; Əbu Dəvud; İbn Məcəh; ət-Tirmizi; ən-Nəsəi). Həmçinin oxuyun: Nikah bağlamağın qaydaları
 

Teqlər: 
Paylaş: