Camaat namazında ayaqları və çiyinləri birləşdirmək vacibdirmi?
Aleykum salam. Ümumiyyətlə camaat namazında səfdə durarkən cərgələri düzəltmək, çiyinləri və ayaqları birləşdirmək səhih hədislərə əsasən vacibdir. İmam səflər düzəlmədən namaza başlamamalı, camaata səfləri düzəltməyi əmr etməlidir. Ənəs ibn Məlik (radıyəllahu anhu) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Səflərinizi düzəldin. Həqiqətən səflərin düzəldilməsi namazın kamilliyindəndir". (Muslim; Əbu Dəvud; İbn Məcəh).
Əbu Məsud (Allah ondan razı olsun) deyir ki: "Biz namaz üçün dayananda peyğəmbər (salləllahu aleyhi və səlləm) əli ilə çiyinlərimizə sürtər və belə deyərdi: "Bərabər dayanın, (əyri-üyrü dayanıb) ayrılmayın ki, qəlbləriniz də ayrılmasın...". (Muslim).
Nu'mən ibn Bəşir (radıyəllahu anhu) deyir ki: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) səflərimizi düzəldərdi. Sanki bu səflər ox ucluqlarına taxılacaqdı. Sonra biz səfləri tam düzəltməyə alışdıq. Amma bir gün o namaza durduqda, təkbir etməyə az qalmış bir nəfərin sinəsinin səfdən önə çıxdığını gördü və belə dedi: "Ey Allah bəndələri, səflərinizi düzəldin, əks halda Allah sizin üzlərinizi bir-birinizdən ayıracaqdır". (Muslim; Əbu Dəvud; ət-Tirmizi; ən-Nəsəi; İbn Məcəh).
İbn Ömər (Allah onlardan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Səflərinizi düzəldin, çiyinlərinizi bərabər tutun, boşluqları doldurun, qardaşlarınızla qarşılıqlı şəkildə mülayim davranın, şeytan üçün boş yer saxlamayın. Kim səfi birləşdirərsə Allah da ona Öz rəhmətini çatdırar. Kim səfi ayırarsa Allah da onu Öz rəhmətindən ayırar". (Əbu Dəvud, 620; Əbu Dəvud, 2/365/652).
Ənəs ibn Məlik (Allah ondan razı olsun), Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Səflərinizi düzəldin, səflərin arasını yaxınlaşdırın, çiyinlərinizi də bərabər tutun. Nəfsim əlində olana and olsun, mən şeytanın səflərin boşluqlarından necə keçdiyini görürəm. O, sanki qara rəngli kiçik qoyuna bənzəyir". (Əbu Dəvud, 621; Əbu Dəvud, 2/0366/653; ən-Nəsəi, 2/92).
Ayaqların birləşdirilməsi haqqında isə, Ənəs ibn Məlik (Allah ondan razı olsun), Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Səflərinizi düzəldin. Mən sizi arxamda da görürəm». Ənəs deyir ki, bizim hər birimiz çiynini yanındakının çiyninə, ayağını da yanındakının ayağına birləşdirərdi". (əl-Buxari, 683,).
Nu'mən ibn Bəşir (Allah ondan razı olsun) isə belə deyir: "Bizi (namaza durarkən görsəydin) görərdin ki, hər kəs topuğunu yanındakının topuğuna birləşdirərdi". (əl-Buxari, 693, 725).