Namaz qılmağın qaydası - VİDEO

    03.07.2014

Namaz qılmaq qaydası

Qeyd: Videoda 4 rükətli namazın qılınma qaydası göstərilmişdir (Məsələn, Zöhr, Əsr və İşa namazları)
2 rükətli namazın qılınma qaydası. Videodakı 1-ci və son rükətlər təkrar edilir, fərq yalnız son rükətdə Fatihə surəsindən sonra İxlas (və ya digər) surəsinin oxunmasıdır.
3 rükətli namazın qılınma qaytası. Videodakı 1, 2 və son rükətlər olduğu kimi qılınır, 3-cü buraxılır.

Dəstəmaz almaq qaydası

Namaz haqqında

      Namaz dinin dirəyidir və bəndə ilə Rəbbi arasında olan bir bağdır. Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Sizdən biri namaz qıldıqda öz Rəbbi ilə gizli söhbət edir.” Namaz bəndənin öz Rəbbinə olan məhəbbətinin əlaməti və Onun nemətlərinin qədirini bilməsidir. Namaz Peyğəmbərə və onun ümmətinə vacib buyurulan ilk ibadət ayini, tək Allaha olan itaətin və təslimiyyətin göstəricisi və nəfsin tərbiyəsidir. Namaz insanı günahlardan təmizləyir və qoruyur. Uca Allah buyurur: “Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir” (əl-Ənkəbut, 45). Peyğəmbər səhabələrinə demişdir: “Deyin görüm, əgər birinizin evinin qarşısından bir çay axarsa və o hər gün orada yuyunarsa, onun üzərində çirk qalarmı?” Onlar dedilər: “Onun üzərində çirkdən heç bir əsər-əlamət qalmaz.” O buyurdu: “Beş vaxt qılınan namaz da belədir, Allah onun vasitəsilə günahları silib yox edir.”

Təharət (təmizlik)

Namaz qılmaq üçün insanın bədəni, paltarı və namaz qıldığı yeri təmiz olmalıdır. Bədənin təmizliyi qüsl və dəstəmaz almaq ilə olur.

1. Qüsl almaq. Qüsl - ibadət məqsədi ilə cinsi əlaqədən, qadınlarda isə aybaşı və doğuşdan sonrakı qanaxma hallarından sonra başa və bütün bədənə su tökərək yuyunmaqdır.

2. Dəstəmaz almaq. Uca Allah buyurur: “Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun.” (əl-Maidə, 6).

Dəstəmaz almağın qaydası

1. “Bismilləh” deyib üç dəfə ağıza və buruna birlikdə su çəkib ağızı yaxalamaq və burundan suyu geri çıxartmaq.

2. Üç dəfə üzü yumaq.

3. Dirsəklər daxil olmaqla üç dəfə sağ əli və sol əli yumaq.

4. Başa və qulaqlara məsh etmək.

5. Topuqlar daxil olmaqla sağ ayağı və sol ayağı yumaq.

Ön və arxa məxrəclərdən çıxanlar, həmçinin yuxuya getmək və ya huşu itirmək dəstəmazı pozur. Mürgüləmək dəstəmazı pozmur. Paltarın və namaz qılınan yerin təmizliyi isə sidik, nəcis və bunlar kimi murdar şeyləri təmizləmək ilə yerinə yetirilir.

Təyəmmüm

Uca Allah müsəlmanlara dini asan etmişdir. Su tapmadıqda və ya suyun istifadəsi zərər verdikdə təmiz torpaqla təyəmmüm etməyə icazə verilir. Təyəmmüm etmək üçün əlləri təmiz torpağa batırıb üzü və biləyə qədər əllərin üstünü sürtmək kifayət edir. Uca Allah buyurur:

“Su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.” (əl-Maidə, 6).

Dəstəmazı batil edən amillər, təyəmmümü də batil edir.

Fərz namazları

Həddi buluğa çatan və ağılı başında olan hər bir müsəlmana gündə beş dəfə namaz qılmaq fərzdir (vacibdir). Bunlar aşağıdakılardır:

1. Fəcr. Vaxtı gecənin axırı alatoran olandan dan yeri sökülənə qədərdir. 2 rükətdir.

2. Zöhr. Vaxtı günəş zenit xəttini keçdikdən hər şeyin kölgəsi özü boyda olana qədərdir. 4 rükətdir.

3. Əsr. Vaxtı hər şeyin kölgəsi özü boyda olandan günəş batana qədərdir. 4 rükətdir.

4. Məğrib. Vaxtı günəş batandan şəfəq itənə qədərdir. 3 rükətdir.

5. İşa. Vaxtı şəfəq itəndən gecə yarısına qədərdir. 4 rükətdir.

Namaz qılmağın qaydası

Əvvəldə qeyd etdiyimiz kimi bədəni və qılınacaq yeri təmizlədikdən sonra müsəlman namazın vaxtının girməsinə əmin olduqda ayaq üstə üzünü qibləyə, yəni Məkkə şəhərinə tərəf tutaraq aşağıdakıları edir:

1. Əlləri çiyinlərinə və ya qulaqlarına qədər qaldırıb “Allahu əkbər” deyir. Sonra sağ əlini sol əlinin üstünə, sinəsinin üzərinə qoyur və gözünü yerə dikir. Sonra “Subhənəkə Allahummə və bihəmdikə, təbərakəsmukə və təalə cəddukə və lə iləhə ğayrukə” kimi namaza giriş dualarından birini oxuyur.

Birinci rükət

2. Sonra “Əuzu billəhi minəşşeytanir-racim, bismilləhir-Rahmənir-Rahim” deyib əl-Fatihə surəsini oxuyur:

“Əlhəmdu lilləhi rabbil-aləmin, ər-Rahmənir-Rahim, Məliki yəumiddin, iyyəkə nə`budu və iyyəkə nəstəin, ihdinəs-sıratalmustəqim, sıratalləzinə ən`əmtə aleyhim, ğayril-məğdubi aleyhim və ləddaallin”.

Sonra “Əmin” deyib əl-İxlas surəsini və ya bildiyi surələrdən istədiyini oxuya bilər. "Bismilləhir-Rahmənir-Rahim. Qul huvəllahu Əhəd. Allahus-Saməd. Ləm yəlid və ləm yuləd və ləm yəkulləhu kufuvən əhəd".

3. Qiraəti bitirdikdən sonra əllərini qaldıraraq “Allahu əkbər” deyib rükuya gedir. Rükuda ovuclarını dizlərinin üzərinə qoyur, belini düz saxlayır və üç dəfə “Subhənə rabbiyəl-Azim” deyir.

4. Sonra “Səmiallahu limən həmidəh“ deyərək qamətini rükudan qaldırır. Qamətini tam düzəltdikdən sonra “Rabbənə və ləkəl-həmd” deyir.

5. Sonra “Allahu əkbər” deyərək səcdəyə gedir. Səcdəyə gedərkən əllərini dizlərindən öncə yerə qoyur. Əl barmaqları açıq, bir-birinə sıx şəkildə uclarını qibləyə tərəf yönəldir, əllərini çiyinləri və ya qulaqları səviyyəsində tutur. Səcdədə tam rahatlanır və üç dəfə “Subhənə rabbiyəl-a`lə” deyir.

6. Sonra “Allahu əkbər” deyərək başını səcdədən qaldırır, sol ayağını yerə yatırıb onun üstünə oturur, sağ ayağını dik tutaraq barmaqlarını qibləyə tərəf əyir və “Rabbiğfir li, Rabbiğfir li” deyir.

7. Sonra “Allahu əkbər” deyərək birinci səcdəni etdiyi kimi ikinci səcdəni edir.

8. Sonra “Allahu əkbər” deyərək başını səcdədən qaldırıb sol ayağının üstünə oturur və əllərini yerə dayaqlayıb fasilə etmədən ikinci rükəti qılmaq üçün ayağa durur.

İkinci rükət

9. İkinci rükəti birinci rükət kimi qılır; yenə əl-Fatihə surəsini, ardınca əl-İxlas və ya istədiyi surəni oxuyur, sonra rükuya gedir, rükudan qalxır, sonra iki səcdə edir, ikinci səcdədən başını qaldırıb iki səcdə arası oturduğu kimi oturur.

10. Sonra təşəhhüdü deyir:

“Əttəhiyyətu lilləhi vəssaləvətu vəttəyyibət, əssələmu aleykə əyyuhən-nəbiyyu və rahmətullahi və bərakətuhu, əssələmu aleynə və alə ibadilləhis-salihin, əşhədu əllə iləhə illallah və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluhu.”

11. Bundan sonra əgər namaz sübh, cümə, bayram namazları kimi iki rükətlidirsə, təşəhüddən sonra “Allahummə salli alə Muhəmmədin və alə ali Muhəmməd, kəmə salleytə alə İbrahimə və alə ali İbrahim, innəkə Həmidun Məcid, və bərik alə Muhəmmədin və alə ali Muhəmməd, kəmə bəraktə alə İbrahimə və alə ali İbrahim, innəkə Həmidun Məcid” salavatını deyir. 

Sonra dörd şeydən Allaha sığınaraq “Allahummə inni əuzu bikə min əzəbi cəhənnəm və min əzəbil-qabri və min fitnətil-məhyə vəlməməti və min fitnətil-məsihid-dəccəl” deyir.

12. Sonra üzünü sağ çiyninə çevirərək “Əssələmu aleykum və rahmətullah” və sol çiyninə çevirərək “Əssələmu aleykum və rahmətullah” deyib namazı bitirir.

13. Əgər qıldığı namaz üç rükətli məğrib namazıdırsa, ikinci rükətdə təşəhhüdü deyəndən sonra üçüncü rükət üçün ayağa qalxıb ikinci rükətdə etdiklərini təkrar edir (fatihədən sonra başqa surə oxunmur), yenə təşəhhüdü, salavatı və dörd şeydən sığınma duasını deyib salam verərək namazı bitirir.

14. Əgər qıldığı namaz dörd rükətli zöhr, əsr və işa namazlarıdırsa, ikinci rükətdə təşəhhüdü deyəndən sonra üçüncü rükət üçün ayağa qalxır və birinci rükətdə etdiklərini təkrar edir (fatihədən sonra başqa surə oxunmur), sonra dördüncü rükət üçün ayağa qalxır və əvvəlki rükətdə etdiklərini təkrar edir, sonra təşəhhüdü, salavatı və dörd şeydən sığınma duasını deyib salam verərək namazı bitirir.

Paylaş: