Allahın "əl-Həlim" adının mənası

    22.12.2014

əl-Həlim sözü mülayim olan, yumşaq davranan deməkdir. Allahın əl-Həlim adı Qurani-Kərimdə on bir dəfə zikr edilir. Uca Allah buyurur:
“Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır” (İsra, 44).
Həmçinin buyurur: “Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır” (Fatir, 41).
əl-Həlim bəndələrinin asilik etməsinə baxmayaraq onlara cəza verməyə tələsməyəndir. İbnul-Həssar demişdir: “Həlim olan mütləq hikmətli, qadir və bilən olmalıdır. Bunlarsız həlim olmaq mümkün deyildir. Əgər həlim olan qadir olmazsa, onda həlimlik acizliklə qarışacaq. Əgər həlim olan bilən olmazsa, onda intiqam almaq cahillikdən irəli gələcək. Əgər həlim olan hikmətli olmazsa, onda həlimlik avamlıqdan irəli gələcək”.
əl-Həlim bəndələrini günahlara görə dərhal cəzalandırmayan, tövbə etmələri üçün onlara möhlət verəndir. Uca Allah buyurur:
“Əgər Allah insanları etdikləri hər bir zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər” (ən-Nəhl, 61).
 

Paylaş: