Allahın "əl-Vədud" adının mənası
əl-Vədud sözü sevən, arzu edən deməkdir. Allahın əl-Vədud adı Qurani-Kərimdə iki dəfə zikr edilir. Uca Allah Qurani-Kərimdə Şueyb peyğəmbərin öz qövmünə belə buyurduğunu xəbər verir: “Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Həqiqətən, Rəbbim Rəhmlidir, Sevəndir (əl-Vədud)!” (Hud, 90).
Digər ayədə isə Uca Allah buyurur: “Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir. Doğrudan da, Rəbbinin günahkarları yaxalaması çox şiddətlidir! Həqiqətən, O, hər şeyi ilkin yaradır və onu yenidən bərpa edir! Bağışlayan da, Sevən də Odur (əl-Vədud)!” (əl-Buruc, 11-14).
əl-Vədud məhəbbət sahibidir. O, tövbə edən, iman gətirən, yaxşılıq edən, ədalətli olan, səbir edən, yalnız Ona təvəkkül edən mömin bəndələrini sevir. Allah kimi səvərsə, digər məxluqlarına da onu sevdirər. əl-Vədud peyğəmbərlərini və onlara tabe olanları sevir.