Allahın "əş-Şəkur" adının mənasını izah edə bilərsinizmi?
Aleykum salam. Allah Təalanın "əş-Şəkur" adının mənası sizin qeyd etdiyiniz kimi "şükr edən" yox, əksinə "şükrün əvəzini verən, qədirbilən" deməkdir. Bəndələrinə Ona etdikləri şükür müqabilində bol nemət əta edəndir. Uca Allah buyurur:
"(Allah) onlara mükafatlarını tam olaraq versin, üstəlik də onlara Öz lütfünü artırsın. Həqiqətən, O, Bağışlayandır, şükürün əvəzini verəndir". (Fatir, 30).
"Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayandır, qədirbiləndir!" (Fatir, 34).
İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir". (əş-Şura, 23).
"Əgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir". (ət-Təğabun, 17).
Əgər bu söz bəndələrə xitab olunaraq işlənərsə, onda mənası siz deyən kimi, yəni, "minnətdar olan", "çox şükr edən" olacaq.
"Biz Musanı möcüzələrimizlə göndərib (ona): “Xalqını qaranlıqdan nura çıxart və Allahın günlərini onların yadına sal”. Şübhəsiz ki, bunda çox səbr və şükür edənlər üçün dəlillər vardır". (İbrahim, 5).
"(Ey) Nuhla birlikdə (gəmidə) daşıdıqlarımızın nəsli! Nuh doğrudan da (Bizə) minnətdar (çox şükr edən) olan bir qul idi". (əl-İsra, 3)
Həmçinin oxuyun: Allahın əş-Şəkur adının mənası