Allahın "əş-Şəkur" adının mənası

    23.01.2015

əş-Şəkur sözü təşəkkür edən deməkdir. əş-Şəkur olan Allah, bəndələrinin etdiyi şükürün əvəzini verəndir. Şükür yaxşılıq etdiyinə görə yaxşılıq edəni tərifləməkdir.     

Şükür etməklə həmd etməyin fərqi

Bəzi İslam alimləri bunların arasında heç bir fərqin olmadığını söyləmişlər. Bəziləri isə bunların arasında fərqli cəhətlərin olduğunu qeyd etmişlər. Belə ki, həmd etmək həm verdiyi nemətə görə, həm də kamil sifətlərinə görə Allahı tərifləməkdir. Allaha şükür etmək isə verdiyi nemətə görə edilir. Həmçinin, Allahı həmd etmək yalnız dil ilə, şükür etmək isə həm dil, qəlb, həm də bədən üzvləri ilə yerinə yetirilir.
Allahın əş-Şəkur adı Qurani-Kərimdə dörd dəfə zikr edilir. Uca Allah buyurur:
“Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər səmərəsiz olmayacaq bir ticarətə ümid edirlər ki, Allah onlara mükafatlarını tam olaraq versin, üstəlik də onlara Öz lütfünü artırsın. Həqiqətən, O, Bağışlayandır, şükürün əvəzini verəndir (Şəkur)(Fatir, 29-30).
əş-Şəkur olan Allah, insanların günahlarını bağışlayan, onların etdikləri yaxşı əməllərin mükafatını qat-qat artıraraq verəndir. Uca Allah yalnız Onun rizasını umaraq göstərilən cuzi bir səyi belə mükafatsız qoymur. Rəvayət edilir ki, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Bir nəfər yolla gedər­kən yolun üstündə tikanlı bir budaq gördü və onu götürüb kənara atdı. Allah da ona təşəkkür etdi (əməlini bəyəndi) və onun günahlarını bağışladı...” (əl-Buxari, 652-653).

Paylaş: