Yalnız Quranla danışan qadının hekayəsini yaza bilərsinizmi?
Aleykum salam. Əvvəlcə nəzərinizə çatdıraq ki, bu rəvayətin həm sənədi, həm də mətni olduqca zəifdir. Rəvayətə gəlincə "Təbəi-t-Təbiin" (səhabələrin ardıcıllarının ardıcılları) nəslindən olan Abdullah ibn Mubərak (rahiməhullahu) belə nəql edir: "Həccə gedirdim. İraq-Suriya torpaqlarından keçərkən yalqız (tənha) bir qadına rast gəldim. Salam verdim, salamımı, "Üstəlik Rəhmli Rəbb (onlara) "Salam" deyəcək!" (Yə Sin, 58) ayəsi ilə aldı.
Buralarda nə edirsən? - deyə soruşdum. "Allah kimi azdırarsa, ona doğru yol göstərən olmaz...". (əl-Əraf, 186) ayəsini oxudu.
Başa düşdüm ki, yolunu itirib. Hara gedirsən? - sualıma, "...Öz qulunu gecə vaxtı Məscidu-l-Haramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidu-l-Əqsaya aparan (Allah) pak və müqəddəsdir...". (əl-İsra, 1) ayəsi ilə cavab verdi.
Başa düşdüm ki, həccdən qayıdır və Qüdsə gedir. Neçə müddətdir yolunu itirmisən? - dedim. "...Əlamətin budur ki, sən sağlam ikən tam üç gecə adamlarla danışmayacaqsan!". (Məryəm, 10) ayəsini oxudu.
Ona yemək təklif etdim. "... Sonra gecəyədək orucunuzu tamamlayın...". (əl-Bəqərə, 187) ayəsini oxudu.
Axı ramazan ayı deyil... - dedim. "...Kim yaxşı bir iş görsə, (bilsin ki,) Allah əvəzini verəndir, Biləndir!". (əl-Bəqərə, 158) ayəsi ilə cavab verdi.
Səfərdə orucu pozmaq olar - dedim. "...Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir". (əl-Bəqərə, 184) ayəsini oxudu. Niyə mənim kimi danışmadığını soruşdum. "Dediyiniz elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın!". (Qaf, 18) dedi.
Kimlərdənsən? - deyə soruşdum. "Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır". (əl-İsra, 36) ayəsi ilə cavab verdi.
Səhv etdim, haqqını halal et! - dedim. "...Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhmlisidir". (Yusuf, 92) dedi.
Dəvəmə mindirib karvanına çatdırmağı təklif etdim. "...Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir". (əl-Bəqərə, 215) ayəsi ilə cavab verdi.
Dəvəmi yanına gətirdim. Minərkən, "Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər...". (ən-Nur, 30) ayəsini oxudu.
Gözlərimi çevirdim, minərkən dəvə ürküb qaçdı, bu vaxt paltarı bir az cırıldı. Öz-özünə, "Başınıza gələn (siz üz verən) hər bir müsibət öz əllərinizlə qazandığınız (günahlar) üzündəndir. (Allah) (günahların) çoxunu bağışlayır". (əş-Şura, 30) ayəsini oxudu.
Səbr et, dəvəni bağlayım - dedim. Mənim dəvəmi daha yaxşı idarə edəcəyimi nəzərdə tutaraq. "Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə (Allahı) tərifləmələri üçün (ona) ram etdik. Bunları Biz etdik". (əl-Ənbiyə, 79) ayəsini oxudu.
Dəvəyə mindi və "onların belinə, (yaxud göyərtəsinə) qalxıb yerləşdiyiniz zaman Rəbbinizin nemətini yada salıb deyəsiniz: "Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı". (əz-Zuxruf, 13) ayəsini oxudu.
"Haydı!" - deyə dəvəni sürətləndirdim. "Yerişində həddi gözlə, (danışanda) səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir". (Loğman, 19) ayəsini oxudu.
Gedərkən şeir oxumağa başladım. "...Qurandan sizə müyəssər olanı oxuyun!..". (əl-Muzzəmmil, 20) dedi.
Şeir oxumaq haram deyil ki! - dedim. "...Bunu isə ancaq düşüncəli insanlar anlayarlar". (əl-Bəqərə, 269) ayəsi ilə cavab verdi.
Bir müddət getdikdən sonra evli olub olmadığını soruşdum. "Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın...". (əl-Məidə, 101) ayəsini oxudu.
Nəhayət karvanına çatdıq. Karvanda kimsən varmı? - deyə soruşdum. "Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir...". (əl-Kəhf, 46) dedi.
Anladım ki, övladı var. Adlarını soruşdum. "...Allah İbrahimi sevimli dost tutmuşdur..". (ən-Nisə, 125), "...Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı". (ən-Nisə,164), "...Ey Yəhya! Kitabdan möhkəm yapış! dedik...". (Məryəm, 12) ayələrini oxudu.
Ey İbrahim, ey Musa, ey İsa! - deyə karvana səsləndim. Nur üzlü üç gənc: Buyur! - deyə çıxıb gəldi. Onlara pul verib, "...Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın!". (əl-Kəhf, 19) ayəsini oxudu.
Yemək hazır olanda mənə, "(Onlara): “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!” - (deyiləcəkdir)". (əl-Həqqa, 24) dedi.
Uşaqlara, Ananızın bu vəziyyətini mənə deməsəniz bu yeməkdən yemərəm! - dedim. Onlar da: Anamız ağzından Uca Allahın qəzəbinə tuş gələ biləcək səhv bir söz çıxarmaq qorxusuyla 40 ildir beləcə ancaq Quranla danışır - dedilər. Abdullah ibn Mubərak bu hadisəni Quranda hər şeyin olduğuna dair dəlil olaraq danışardı". (əl-Kinnəvci, Əbcədu-l-Uluum" kitabı, 2/191-193).