Evdə oturub "iş yoxdur" deyən qardaşlara nə məsləhət görərdiniz?

    24.01.2015
Sual: 
Allah elminizə bərəkət versin və sizi xeyirlə mükafatlandırsın. Belə bir sual vermək istərdim. İş axtarmaq üçün kifayət qədər cəhd göstərməyən və evdə oturub iş yoxdur deyən qardaşlara nə məsləhət görərdiz? bu barədə hədislər varmı?
Cavab: 

Aleykum salam. Ailənin ehtiyaclarını təmin etmək üçün işləyib çalışmaq ibadətdən sayılır. Müsəlman Allahdan layiqincə qorxmalı, yalnız Ona təvəkkül etməli, sonra isə lazimi səbəblərdən (əl əməyi, ticarət və s.) yapışmalıdır. Uca Allah buyrur: "...Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha layiqincə təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur". (ət-Taləq, 2-3).
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Heç kim öz əlinin zəhməti və alnının təri ilə qazandığından daha xeyirli bir ruzi yeməmişdir. Davud peyğəmbər (Ona Allahın salamı olsun) də öz əlinin əməyi, zəhməti ilə dolanırdı". (əl-Buxari, Buyu 15, Ənbiya 3).
"Hansı qazanc daha halal və təmizdir?" deyə soruşulan suala, "İnsanın öz əlinin əməyi, hər bir məqbul və halal alış-satış ən təmiz və halal qazancdır" cavabını vermişdir. (Əhməd: "Musnəd", 4/141).
"Birinizin ipini belinə atıb bir dəstə odun gətirərək satması və beləcə Allahın bununla onun şərəfini qoruması xalqdan istəməsindən daha xeyirlidir. (Kim bilir, bəlkə də, bir şey) verərlər (minnət altında qalar) və ya (heç bir şey) verməzlər, (zillətə düşər)", - deyərək dilənçiliyi pisləmiş və işləməyi təşviq etmişdir". (əl-Buxari: "Zəkat", 50-53; Muslim: "Zəkat", 106).
"Uca Allah əlinin zəhməti ilə dolanan qulunu sevər". (İbn Məcəh: "Zuhd", 5).

Ənəs ibn Məlik rəvayət edir ki, Bir gün Allah Rəsulunun yanına Mədinəli bir dilənçi gəldi. Rəsulullah ondan evində bir şey olub-olmadığını soruşdu, o da evində bir bez parçası olduğunu, bundan həm döşəkçə, həm də geyim kimi istifadə etdiyini bildirdi. Həmçinin evdə bir kasanın da olduğunu dedi. Allah Elçisi həmin əşyaları gətirməyi tapşırdı. O, əşyaları gətirdi, Allah Rəsulu da onları açıq artırma ilə iki dirhəmə satdı və pulu ona verib bir dirhəmi ailəsinin dolanışığına ayırmağı, bir dirhəmlə də bir balta almağı, sonra da yanına gəlməyi tapşırdı. O da deyilənlərə əməl etdi. Peyğəmbərimiz öz əli ilə baltaya bir ip bağladı və bununla odun toplamağı, on beş günə kimi yanına gəlməməyi məsləhət gördü. O da çıxıb getdi. Bir müddət sonra yenidən Peyğəmbərimizin hüzuruna gəldi. Allah Rəsulunun tövsiyələrinə əməl edib on dirhəm qazanmışdı. Peyğəmbərimiz ona qazandığı pulun bir hissəsi ilə ərzaq, qalan qismi ilə geyim almağı tövsiyə etdi və belə buyurdu: "Bu cür etmək (odun toplayıb satmaqla dolanışığı təmin etmək) qiyamət günü üzdə dilənçilik ləkəsi ilə gəlməkdən daha yaxşıdır".  (Əbu Davud 1641, Tirmizi 1218 müxtəsər olaraq, ən Nəsai 7/259, "həsən" hədisdir)

Avf ibn Məlik əl-Əşcəi (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hüzurunda doqquz, yaxud səkiz, yaxud yeddi kişi idik. Peyğəmbər (salləllahu aleyhi və səlləm): "Allahın Rəsuluna beyət etməzsinizmi?" deyə buyurdu. Halbuki bizlər bir az öncə ona beyət etmişdik və Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu sualını üç dəfə təkrar etdi və bizlər də əllərimizi beyət üçün uzadıb: "Ya Rəsulullah! Biz bir az öncə sənə beyət etdik. İndi nə üçün beyət edirik" dedik. Peyğəmbər (salləllahu aleyhi və səlləm): "Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın, beş vaxt namaz qılın və insanlardan heç bir şey istəməyin" deyə buyurdu. Sonra mən bu camaatdan bəzilərini gördüm ki, hər hansı birisinin qamçısı yerə düşdüyü zaman (yaxın olan) birisindən istəməzdi (özü düşər) və götürərdi". (Muslim).

Allah Rəsulu (salləllahu aleyhi və səlləm) peyğəmbərliyindən əvvəl həm çobanlıq, etmiş həm də ticarətlə məşğul olmuşdur. Bir gün Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm): "Allahın göndərdiyi hər bir peyğəmbər çobanlıq etmişdir" - demiş, səhabələr: "Siz dəmi?" - deyə soruşduqda, "Bəli, mən də Məkkənin Qararit adlı yerində (və ya Məkkədə bir haqq müqabilində) qoyun otarmışam", - deyə cavab vermişdi. (əl-Buxari: "İcarə", 2; Muslim: "İman", 302).

Həmçinin oxuyun: Ruzinin artması üçün nələr etməliyik?

Teqlər: 
Paylaş: