Evimdə ruzi duası var idi, vergili olduğunu deyən qadının sözü ilə cırıb tulladım...
Salam aleykum. Əvvəlcə bilməsiniz ki, Allah və Rəsulu (salləllahu aleyhi və səlləm) duanı yazıb harasa qoymaq, üstündə gəzdirmək və s. yox, Allaha səmimi qəlbdən yalvararaq dua etməyi buyurmuşlar. Dərmanı cibdə gəzdirməklə baş ağrısı keçməz, dərmanın bədənə daxil olmağına ehtiyac olduğu kimi, duanın da qəlbə daxil olmağına ehtiyac var. Uca Allah buyurur: "Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!" (Ğafir, 60). Belə şeylər etməyin faydası yoxdur, əksinə, dində yenilik etdiyiniz üçün günah qazanırsınız.
Vergili olduğu deyən və evinizdəki şeylər haqqında sizə xəbər verən insan isə bunları şeytanların vəsvəsəsi nəticəsində bilir, bu elə falın özüdür. Ümumiyyətlə, bütün falçıların yanlarına gəldikləri insanlar haqqında məlumat verə bilmələrinin səbəbi budur. Lakin onlar heç biri, həmçinin şeytanlar da qeybi, gələcəyi bilmir, əks halda özləri də bundan faydalanardılar.
"De: "Allahdan savayı göylərdə və yerdə olan heç kim qeybi bilə bilməz!" (ən-Nəml, 65).
"De: "Allahın istədiyi istisna olmaqla, mən özümə nə bir xeyir, nə də bir zərər vermək gücünə sahibəm. Əgər qeybi bilsəydim, əlbəttə, bol-bol fayda əldə etməyə çalışardım və başıma heç bir müsibət də gəlməzdi. Mən yalnız inanan bir qövm üçün nəsihət edən və müjdəçiyəm!" (əl-Əraf, 188).
Necə ola bilər ki, Uca Allah qeybi bilməyin qeyri-mümkün olmasını desin, sonra isə kiməsə vergi versin? Onlar sadəcə hal-hazırda bildikləri məlumatlar əsasında bir həqiqətə yüz yalan qoşaraq insanları yönləndirirlər. Ona görə də belə insanlardan uzaq olmaq lazımdır, onlara inanmanız böyük günahdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!" (əl-Maidə, 90).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim kahinin yanına gedər və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olana küfr etmişdir". (ət-Tirmizi). Həmçinin oxuyun:
Çətinliyə düşəndə mollanın yanına gedib dua yazdırmaq olarmı?
Ruzinin artması üçün nələr etməliyik?