HƏCC
Həcc və ümrə etməyin fəziləti
Peyğəmbərimiz – ona və ailəsinə Allahın salavatı və salamı olsun - həcc və ümrə ibadətlərinin fəziləti haqqında demişdir: “Ümrə ziyarəti, növbəti ümrəyədək arada olan kiçik günahlar üçün kəffarədir. (Səhih əl-Buxari, 1773).
“Qəbul olunmuş həccin mükafatı isə ancaq Cənnətdir.”
Möminlərin anası Aişə demişdir: “Bir dəfə mən: “Ya Rəsulullah, biz cihadın ən fəzilətli əməl olduğunu güman edirik. Elə isə biz də cihadda iştirak edə bilərik?”– deyə soruşdum. Peyğəmbər dedi: “Xeyr! Siz qadınlar üçün ən fəzilətli cihad qəbul olunmuş həcdir!” (Səhih əl-Buxari, 1520).
Peyğəmbərdən soruşdular: “Hansı əməl ən yaxşı əməl sayılır?” Dedi: “Allaha və Onun elçisinə iman gətirmək.” Soruşdular: “Bəs sonra hansıdır?” Dedi: “Allah yolunda cihad etmək.” Yenə soruşdular: “Bəs sonra hansıdır?” Dedi: “Qəbul olunmuş həcc.” (Səhih əl-Buxari, 26).
“Kim Allah xatirinə həcc ziyarətini yerinə yetirərsə, bu əsnada qadını ilə yaxınlıq etməzsə və digər günahlardan çəkinərsə, dünyaya gəldiyi gündə olduğu kimi evinə qayıdar.” (Səhih əl-Buxari, 1521).
“Peyğəmbər Amr ibn əl-Asa belə demişdir: “Məgər bilmirsən ki, İslam özündən əvvəlki günahları yox edir?! Bilmirsən ki, hicrət özündən əvvəlki günahları yox edir?! Bilmirsən ki, həcc ziyarəti özündən əvvəlki günahları yox edir?!”
Həcc və ümrə etmək kimə vacibdir?
Həcc və ümrə ibadətləri ağlı başında olan, həddi-büluğa çatmış, azad və onu yerinə yetirmək iqtidarında olan hər bir müsəlmana vacibdir. Uca Allah buyurur: “Müqəddəs Evi ziyarət etmək insanların - yoluna gücü çatan hər kəsin - Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur.” (Ali-İmran, 97). Həmçinin Peyğəmbər belə buyurmuşdur: “İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa haqq ilahın olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq.” (Səhih əl-Buxari, 8)