Ailə üzvlərinin birlikdə namaz qılması haqqında
Sual:
Salam aleykum. 1...Evde kiwi ile qadin bir yerde namaz qila bilermi ? Misal ucun er qabagda ve arvad erinin arxasinda namaz qila biler ? yaxud erine iqtida ede biler ?....2ci sualim ise ovlad anasinin arxasinda namaz qila bilermi ?
Cavab:
Aleykum salam.
- Ərlə arvad birlikdə namaz qıla bilərlər. Bu zaman imam kişi olur, qadın isə onun arxasında dayanır. Qadının kişiyə imam olması icazəli deyil, bu zaman hər ikisinin namazı batil olur. Rəvayət edilir ki, Ənəs demişdir: “Allah Elçisi qohumlarından bir qadına və mənə namaz qıldırırdı. Məni də sağ tərəfində dayandırdı. Qadın isə bizim arxamızda dayandı”. (İbn Məcə, 975).
- Ana öz övladları ilə namaz qıla bilər. Övlad oğlandırsa, hətta həddi-büluğ yaşına çatmasa da belə imam durmalıdır. Övlad qızdırsa (və ya kişi olmadan bir neçə qadın birlikdə namaz qılırlarsa), bir sırada dayanırlar, və Quranı ən çox bilən kimdirsə, imam olur. Amr ibn Sələmə (Allah ondan razı olsun) demişdir: "Fəth hadisəsi baş verəndə hər bir dəstə İslamı qəbul etmələri haqqında xəbəri öz tayfasına çatdırdı. Atam da bizim tayfamıza İslamı qəbul etmələri haqqında xəbəri gətirdi və dedi: Allaha and olsun ki, mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanından haqq-ədalət ilə gəlmişəm. O dedi: Filan vaxt filan namazı, filan vaxt isə filan namazı qılın. Namazın vaxtı daxil olanda biriniz azan versin və Quranı daha çox bilən sizə imamlıq etsin. Onlar öz aralarında məndən daha çox Quranı bilən tapmadılar. Çünki, mən karvanların qarşısına çox çıxırdım. Onlar məni imam təyin etdilər. O vaxt mənim altı və ya yeddi yaşım var idi". (əl-Buxari).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allahın kitabından ən çox bilən şəxs müsəlmanlara imam dursun. Quranı eyni səviyyədə bilərlərsə, sünnəni çox bilən, yenə eyni səviyyədə olarlarsa, tez hicrət edən, yenə eyni səviyyədə olarlarsa, o zaman yaşı çox olan imam dayansın". (Muslim, 673)