Allahın "əl-Avvəl" və "əl-Axir" adlarının mənası
əl-Avvəl sözü birinci, əvvəl olan deməkdir. əl-Avvəl olan Allah başlanğıcı olmadığı halda hər şeydən əvvəl olandır. Nə Ondan əvvəl, nə də Onunla yanaşı heç bir şey mövcud olmamışdır.
əl-Axir sözü isə əl-Avvəl sözünün tam əksidir. əl-Axir sonu olmadığı halda axırıncı, əbədi olandır. əl-Axir hər şey məhv olandan sonra əbədi qalandır. Uca Allah buyurur: “Yer üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir” (ər-Rahmən, 26-27).
Allahın əl-Avvəl və əl-Axir adları Qurani-Kərimdə bir dəfə zikr edilir. Uca Allah buyurur:
“Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir. Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir” (əl-Hədid, 3).
Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – öz dualarında bu adların izahını verərək belə demişdir: «Allahım! Yeddi qat səmanın Rəbbi, böyük Ərşin Rəbbi, bizim Rəbbimiz və hər bir şeyin Rəbbi! Toxumu və çəyirdəyi cücərdib çatladan, Tövratı, İncili və Furqanı (Quranı) nazil edən! Kəkilindən tutduğun (idarə etdiyin) hər bir şeyin şərindən Sənə sığınıram. Allahım! Sən Əvvəlsən, Səndən əvvəl heç nə yoxdur. Sən Axırsan, Səndən sonra heç nə yoxdur. Sən Zahirsən, Səndən üstün heç nə yoxdur. Sən Batinsən, Səndən daha yaxın heç nə yoxdur! Borcumuzu ödə, bizi yoxsulluqdan qurtar!» (Muslim 4/2084).