Allahın "əz-Zahir" və "əl-Batin" adlarının mənası
əz-Zahir sözü aydın olan, həmçinin yardım edən, qalib gələn deməkdir. əz-Zahir olan Allah hər şeydən uca və hər şeyə qalib gələndir. Ondan üstün heç nə yoxdur.
əl-Batin sözü isə əz-Zahir sözünün tam əksidir. əl-Batin sözü gizli olan deməkdir. əl-Batin olan Allah bütün məxluqlara eyni dərəcədə yaxın olan, hər şeyin iç üzünü biləndir. əl-Batin bütün sirləri, gizli olan işləri dəqiqliyi ilə biləndir. Allahın əz-Zahir və əl-Batin adları Qurani-Kərimdə bir dəfə zikr edilir. Uca Allah buyurur:
“Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir. Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir” (əl-Hədid, 3).
Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – öz dualarında bu adların izahını verərək belə demişdir: «Allahım! Yeddi qat səmanın Rəbbi, böyük Ərşin Rəbbi, bizim Rəbbimiz və hər bir şeyin Rəbbi! Toxumu və çəyirdəyi cücərdib çatladan, Tövratı, İncili və Furqanı (Quranı) nazil edən! Kəkilindən tutduğun (idarə etdiyin) hər bir şeyin şərindən Sənə sığınıram. Allahım! Sən Əvvəlsən, Səndən əvvəl heç nə yoxdur. Sən Axırsan, Səndən sonra heç nə yoxdur. Sən Zahirsən, Səndən üstün heç nə yoxdur. Sən Batinsən, Səndən daha yaxın heç nə yoxdur! Borcumuzu ödə, bizi yoxsulluqdan qurtar!» (Muslim 4/2084).