Qiyamət günündə Peyğəmbərin şəfaəti

    06.01.2014

Rəvayət edilir ki, Ənəs demişdir: “Muhəmməd - ona və ailəsinə Allahın salavatı və salamı olsun - bizə belə rəvayət etmişdir: “Qiyamət günü insanların arasına çaxnaşma düşəcək. Nəhayət, onlar Adəmin yanına gəlib deyəcəklər: “Ey Adəm! Rəbbinin yanında bizdən ötrü havadarlıq et (şəfaətçi ol)!” Adəm deyəcək: “Mən buna layiq deyiləm. Lakin siz İbrahimin yanına gedin. Həqiqətən, o, Mərhəmətli Allahın ən sevimli dostudur.” Sonra onlar İbrahimin yanına gələcəklər. İbrahim deyəcək: “Mən buna layiq deyiləm. Lakin siz Musanın yanına gedin. Həqiqətən, o, Allahın (bilavasitə) danışdığı bir adamdır.” Sonra onlar Musanın yanına gələcəklər. Musa deyəcək: “Mən buna layiq deyiləm. Lakin siz İsanın yanına gedin. Həqiqətən, o, Allahın ruhudur və Onun Kəlməsidir ”. Bundan sonra onlar İsanın yanına gələcəklər. İsa deyəcək: “Mən buna layiq deyiləm. Lakin siz Muhəmmədin yanına gedin.” Beləliklə, onlar mənim yanıma gələcəklər. Onda mən deyəcəyəm: “Mən buna layiqəm!” Sonra mən Rəbbimdən izn istəyəcəyəm və mənə izn veriləcəkdir. Sonra Allah mənə indi bilmədiyim həmd-sənaları təlqin edəcək və mən o həmd-sənalarla Ona təriflər deyəcəyəm və səcdəyə qapanacağam. Onda Allah buyuracaq: “Ey Muhəmməd! Başını qaldır, danış, sənə qulaq asılacaq, istə, sənə istədiyin veriləcək, havadarlıq et, havadarlığın qəbul olunacaq.” Mən deyəcəyəm: “Ey Rəbbim! Ümmətim, ümmətim!” Allah buyuracaq: “Get, qəlbində arpa dənəsi ağırlığında imanı olan kimsələri atəşdən çıxart!” Mən gedib onları oradan çıxardacağam. Sonra geri dönüb həmin həmd-sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. Onda mənə deyiləcək: “Ey Muhəmməd! Başını qaldır, danış, sənə qulaq asılacaq, istə, sənə istədiyin veriləcək, havadarlıq et, havadarlığın qəbul olunacaq.” Mən deyəcəyəm: “Ey Rəbbim! Ümmətim, ümmətim!” Allah buyuracaq: “Get, qəlbində zərrə qədər və ya xardal dənəsi ağırlığında imanı olan kimsələri atəşdən çıxart!” Mən gedib onları oradan çıxardacağam. Sonra geri qayıdıb həmin həmd-sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. Onda mənə deyiləcək: “Ey Muhəmməd! Başını qaldır, danış, sənə qulaq asılacaq, istə, sənə istədiyin veriləcək, havadarlıq et, havadarlığın qəbul olunacaq.” Mən deyəcəyəm: “Ey Rəbbim! Ümmətim, ümmətim!” Allah buyuracaq: “Get, qəlbində xardal dənəsi ağırlığından daha az, daha az, daha az imanı olan kimsələri atəşdən çıxart!” Mən gedib onları oradan çıxardacağam.” Digər rəvayətdə Peyğəmbər demişdir: “Mən dördüncü dəfə qayıdıb həmin həmd-sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. Onda mənə deyiləcək: “Ey Muhəmməd! Başını qaldır, danış, sənə qulaq asılacaq, istə, sənə istədiyin veriləcək, havadarlıq et, havadarlığın qəbul olunacaq.” Mən deyəcəyəm: “Ey Rəbbim! Mənə izn ver: “Lə ilahə illəllah!”– deyən kimsələrə şəfaətçi olum.” Allah buyuracaq: “İzzətimə, əzəmətimə, böyüklüyümə və ululuğuma and olsun ki, Mən: “Lə ilahə illəllah!”– deyən kəsləri oddan çıxardacağam.” (əl-Buxari, 7510).

Paylaş: