ZƏKAT

    17.10.2013

Zəkatın əhəmiyyəti

Zəkat, İslamın əsaslarından və fərz əməllərindən biri sayılır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq heç bir tanrının olmadığına və Məhəmmədin Allahın elçisi olmasına şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Allahın Evini həcc etmək və Ramazan ayını oruc tutmaq". Qurani Kərimin 82 ayəsində zəkat namazla bərabər qeyd edilmişdir, bu isə onun nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.

Zəkat kimə vacibdir?

Zəkat, nisaba, - yəni zəkatın vacib olması üçün tələb olunan həddə çatan mal-dövlətə - sahib olan, hər bir azad müsəlmana vacibdir.

Zəkata düşən mal-dövlət növləri

Zəkat bu növləri əhatə edir: qızıl, gümüş, bitkilər, meyvələr, heyvanlar və tapıntılar.
1. Qızıl və gümüşün zəkatı Nisabı və çıxarılan miqdarı: Qızılın nisabı iyirmi dinar, müasir ölçü vahidi ilə təqribən 85 qr edir. Gümüşün nisabı isə iki yüz dirhəmdir, bu isə təqribən 595 qr edir. Bu qədər malın qırxda biri (yəni, 2,5 %) zəkat çıxarılır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Əgər sənin iki yüz dirhəmin varsa və üzərindən bir il keçibsə, onun beş dirhəmini zəkat çıxarırsan. Qızıl isə iyirmi dinar miqdarında olana qədər sənə zəkat vacib olmur. Əgər iyirmi dinara çatsa və üzərindən bir il keçsə, yarım dinar zəkat verməlisən". Həmçinin, eyni qayda ilə qızıl və gümüşdən hazırlanmış zinət əşyaların zəkatını vermək vacibdir.

2. Bitki və meyvələrin zəkatı Uca Allah buyurur: "Talvar üzərində olan və talvarsız öz gövdəsi üzərində duran bağları, dadları müxtəlif olan xurma və dənli bitkiləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan Odur. Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir". (əl-Ənam, 141).
Zəkat çıxarılan növləri: Zəkat yalnız aşağıdakı hədisin açıqladığı dörd növdən çıxarılır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yalnız bu dörd növdən zəkat almağı əmr etmişdir: "Buğda, arpa, xurma və kişmiş". Nisabı: Bitki və meyvələrin zəkatının vacib olması üçün aşağıdakı hədisdə deyilən nisaba (miqdara) çatması şərtdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sayı beşdən az olan dəvəyə, beş uqiyyədən (595 qr) az gümüşə və beş vəsəqdən (612 kq) az olan məhsula zəkat düşmür". Çıxarılan miqdarı: Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Çay və yağış suyu ilə suvarılan məhsulun onda biri (10/1), dəvə ilə quyudan su çıxarılıb suvarılan məhsulun isə iyirmidə biri (20/1) zəkat çıxarılmalıdır". Həmçinin, o (salləllahu aleyhi və səlləm) demişdir: "Yağış, bulaq və ya gölməçələrdəki su ilə suvarılan məhsulun onda biri, əl ilə suvarılan məhsulun isə iyirmidə biri zəkat çıxarılmalıdır".

3. Heyvanların zəkatı. Zəkata düşən heyvanlar üç qismdir: dəvə, inək və qoyun (keçi də qoyun fəslinə aiddir).
Dəvənin zəkatı: Nisabı: Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sayı beşdən az olan dəvəyə zəkat düşmür". Çıxarılan miqdarı: 5–9 qədər olan dəvələrdən bir qoyun zəkat verilir; 10-14 qədər iki; 15-19 qədər üç; 20-24 qədər dörd; 25-35 qədər biryaşlı dəvə; 36-45 qədər ikiyaşlı; 46-60 qədər üçyaşlı; 61-75 qədər dördyaşlı; 76-90 qədər iki baş biryaşlı dəvə; 91-120 qədər iki baş üçyaşlı dəvə, 121-dən çox olduqda üç baş ikiyaşlı və beləcə hər artan qırx dəvəyə görə bir baş ikiyaşlı, hər artan əlli dəvəyə görə üçyaşlı dəvə zəkat verilir. İnəyin zəkatı: Nisabı və çıxarılan miqdarı: Muaz ibn Cəbəl (Allah ondan razı olsun) deyir ki: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) məni Yəmənə göndərdi və mənə hər qırx inəyə görə ikiyaşlı, hər otuz inəyə görə isə biryaşlı dişi və ya etkək dana, zəkat götürməyi əmr etdi". Qoyunun zəkatı: Çöldə qidalanan 40-120 qədər qoyuna bir qoyun, 121-200 qədər iki qoyun, 201-300 qədər üç qoyun zəkat verilir. Əgər yüzdən çox olarsa, hər yüz qoyuna görə bir qoyun zəkat verilir. Əgər kiminsə çöldən qidalanan heyvanlarının sayı qırxdan bir ədəd az olsa, ona zəkat vacib deyildir. Yalnız heyvan sahibi öz istəyi ilə zəkat verə bilər". Mal-qaradan çıxarılan zəkatın şərtləri: 1. Nisab: Bu şərt ötən hədislərdə qeyd edilmişdir. 2. Zəkata düşən malın üzərindən bir il keçməlidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üzərindən bir il keçmədikcə mala zəkat düşmür". 3. Heyvan ilin əksər hissəsini bağlı məkanda deyil, çoldə qidalanmalıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Əgər qoyun çöldən qidalanırsa, qırxla, yüz iyirmi arasında olan qoyuna bir baş qoyun çıxarılır...". Hansı malı zəkat götürmək olmaz? İbn Abbas (Allah onların hər ikisindən də razı olsun) deyir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Muazı (radıyəllahu anhu) Yəmənə göndərərkən ona belə demişdir: "...(zəkatı yığarkən) insanların ən yaxşı mallarını götürmə...". Ənəs (Allah ondan razı olsun) deyir ki, Əbu Bəkr (Allah ondan razı olsun) ona məktub yazıb Allahın Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) əmr etdiyi zəkatı bildirir. Məktubda deyilirdi: "Zəkatı, əldən düşmüş, eyibli heyvanla və ya keçi ilə vermək olmaz. Əgər zəkat toplayan istəsə, (bu heyvanların kasıblar üçün daha faydalı olduğunu görsə) götürə bilər".

4. Tapıntı malın zəkatı Bu, keçmişdə torpaq altında qalmış və heç bir müqabil olmadan, asanlıqla əldə edilmiş xəzinədir. Bunun zəkatı dərhal verilir. Bir ilin keçməsi və ya nisaba çatması şərt deyildir. Buna dəlil, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu sözünün ümumi mənasıdır: "Tapıntının beşdə biri zəkat verilməlidir".

Zəkatın paylanması

Uca Allah buyurur: "Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir". (ət-Tovbə, 60). Bu səkkiz qism insanlar aşağıdakılardır:

  1. Yoxsullar: Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Zəkat varlı və sağlam insana halal deyildir".
  2. Miskinlər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Miskin, insanların yanına gəlib dilənçilik edib, bir-iki loxma və xurma götürüb gedən kimsə deyil". Səhabələr (radıyəllahu anhum) dedilər: Ey Allahın Elçisi, bəs miskin kimdir? O (salləllahu aleyhi və səlləm) dedi: "Miskin, ehtiyacını ödəyə bilməyən, bununla belə, ehtiyaclı olduğunu camaata bildirməyən və insanlardan heç nə istəməyən kimsədir".
  3. Zəkat yığıb paylayanlar: Bu, camaatdan zəkat toplamaq və bu sahədə xidmət göstərməklə məşğul olan insanlardır. Onlar etdikləri işin müqabilini zəkatdan götürürlər.
  4. Qəlbləri İslama isinişdiriləcək kimsələr: İnsanlardan bəzilərinə İslamı qəbul etsinlər deyə, bəzilərinə isə İslamı gözəlləşsin və qəlbi tam isinişsin deyə zəkatdan pay verilir.
  5. Azad ediləcək kölələr: Bu bütün kölələrə aiddir. Öz köləni və ya hansısa qulu alıb azad etməyin savablı bir iş olması haqqında çoxlu hədislər rəvayət olunmuşdur. Uca Allah, azad edilən kölənin hər əzasına görə, kölə azad edən şəxsin günah işlədən hər əzasını cəhənnəm odundan xilas edir. Hətta zina etdiyi övrət yerini də cəhənnəm odundan qoruyar azad edər. Kölə azad edənə verilən bu mükafat etdiyi əməlinin qarşılığıdır. Uca Allah buyurur: "Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız". (əs-Saffət, 39).
  6. Borclular: Bunlar bir neçə qismə bölünürlər: İnsanların münasibətlərini islah etmək üçün özünü borca salan, yaxud kiminsə borcunu ödəməyə boyun olub sonradan ödəyə bilməyən, yaxud öz borcunu ödəməkdə aciz olan, yaxud günah işləyib borc edib sonra tövbə edən. Bu kimi insanların borclarını zəkatdan ödəmək olar.
  7. Allah yolunda olanlar: Onlar dövlət xəzinəsindən maaş almayan könüllü döyüşçülərdir. Həmçinin, həcc etmək də Allah yolunda olmaq sayılır.
  8. Yolçular: Bu, başqa ölkəyə səfər edib yolunu davam etdirməyə imkanı olmayan kimsədir. Beləsinə öz ölkəsinə çatması üçün zəkatdan lazımi məbləğ ödənilir. Hətta onun öz ölkəsində mal-dövləti olsa da, ona kömək edilir. Həmçinin, bu, öz ölkəsindən səfərə çıxmaq istəyən, amma bunun üçün kifayət qədər vəsaiti olmayan kimsələrə də aiddir. Belə olduqda gedib-qayıtması üçün zəkatdan kifayət qədər ona kömək edilir.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bu beş qism varlı insanlardan başqa, digər varlı insanlara zəkat halal deyil: Zəkat işinə baxan, yaxud zəkata verilən şeyi öz malı ilə alan, hansısa işi Allah rizasına yoluna qoymaq üçün borc edən, Allah yolunda döyüşə çıxan, yaxud sədəqə verilmiş kasıb insanın varlıya etdiyi hədiyyə".

Paylaş: