Allahın "əl-Qahhar" adının mənası
əl-Qahhar sözü qalib gələn, məğlub edən, üstün gələn deməkdir. əl-Qahhar olan Allah, hər şeyə qalib gələn və heç bir halda məğlub olmayandır.
Allahın əl-Qahhar adı Qurani-Kərimdə altı dəfə zikr edilir. Uca Allah Yusuf peyğəmbərin zindan yoldaşlarına belə buyurduğunu xəbər verir:
“Ey mənim zindan yoldaşlarım! Ayrı-ayrı tanrılar yaxşıdır, yoxsa Tək olan, hər şeyə Qalib gələn Allah? Ondan başqa ibadət etdikləriniz sizin və atalarınızın adlandırdığınız adlardan başqa bir şey deyildir. Allah onlara dair heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allahındır. O əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir” (Yusuf, 39-40).
Həmçinin buyurur:
“De: "Mən yalnız xəbərdar edənəm. Tək olan, hər şeyə Qalib gələn Allahdan başqa məbud yoxdur". O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O, Qüdrətlidir, Bağışlayandır” (Sad, 65-66).
əl-Qahhar olan Allah, bütün yaratdıqlarının üzərində mütləq hakimiyyət sahibidir. Göylərin və yerin mülkü Onun əlindədir, O öz mülkü ilə istədiyini edəndir. Uca Allah buyurur:
“De: "Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir yalnız Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən. Sən gecəni gündüzə qatır, gündüzü də gecəyə qatırsan; ölüdən diri çıxarır, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən" (Ali İmran, 26-27).