Əgər insan bir az düşünsə...

    07.01.2014

Əgər insan bir az düşünsə, onu yaradan, ona qabiliyyətlər bəxş edən qüvvənin Uca Allah olduğunu anlayar. İnsanın ən ümdə vəzifəsi öz Yaradanını tanımaqdır. Yaradanı tanımadan Ona iman gətirmək mümkün deyildir. Düzgün iman əldə etməyə can atan hər bir kəs elmə yiyələnməlidir. Əgər biz kainatda olan varlıqlar; günəş, ay, planet, ulduz, gecə, gündüz, külək, yağış, insan, heyvan və bitkilər haqqında fikirləşsək, şübhə etmədən bu varlıqların hamısının bir Yaradanı olması nəticəsinə gələrik. Yaradılışda olan hər bir ünsür yaradanın qabiliyyətinə işarə edir. Yaradılışda olan elə bir ünsür yoxdur ki, onu yaratmaq üçün yaradanın lazımi qabiliyyəti olmasın. Məsələn, əgər sən ustalıqla düzəldilən taxta qapı görsən, onu düzəldənin taxtaya sahib olduğunu, onu bərabər şəkildə kəsməyi və cilalamağı bacardığını, həmçinin, qapının hissələrini bir-birinə bərkitmək üçün mismarları olduğunu və bu cür qapılar düzəltmək üçün səriştəsi olduğunu anlayarsan. Yaradılan əşyadakı hər şey onu yaradanın qabiliyyətinə işarə edir. Ona görə də yaradılış haqqında düşünmək bizi Yaradanın bəzi xüsusiyyətlərini tanımağa kömək edir. Uca Allah buyurur: "Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri istədiyi səmtə yönəltməsində düşüncəli insanlar üçün də dəlillər vardır. Bunlar Allahın ayələridir. Biz onları sənə bir həqiqət kimi oxuyuruq. Onlar Allaha və Onun dəlillərinə dair sözə inanmadıqdan sonra hansı sözə daha inanacaqlar?!" (əl-Casiyə, 3-6 ayələr). Bu ayələrdəki dəlillər barədə düşünməyimiz bizi aşağıdakı nəticələrə gətirib çıxarır:

Allah əbədi yaşayandır

Yediyimiz qida eşitmir, görmür, hərəkət etmir, böyümür, nəfəs almır, yatmır və oyanmır. Lakin qida orqanizmə daxil olduqda, orqanizm dirilir və yuxarıda qeyd edilən sifətlərə malik olur. Bu xüsusiyyət heyvanların qidasına və bitkilərə də aiddir. Hər gün, hər an, hər bir orqanizmdə həyatın axıb getməsi həyat bəxş edən Allahın yaradılışına dəlalət edir. İnsanlar dəfələrlə canlı hüceyrə yaratmaq istəmişlər, lakin həmişə uğursuzluğa məruz qalmışlar. Şərq və qərb alimləri bu işin öhdəsindən gələ bilmədiklərini bəyan etmişlər. Canlı varlıqlara verilən həyat yalnız əbədi yaşayan Allahdan irəli gələ bilər. Uca Allah buyurur: "Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir" (əl-Hədid, 2).

Allah müdrikdir

Əgər sən yaradılmışlar haqqında düşünsən, görərsən ki, Uca Yaradan onların hər növünü özünəməxsus bir quruluşda xəlq etmişdir. Uca Allah buyurur: "Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Müdrikdir" (Ali İmran, 6).

Allah ruzi verəndir

Uşaq ana bətnində olanda qidanı göbəkbağı adlanan borudan qəbul edir. Uşaq dünyaya gələndə isə ana südü ilə qidalanır. Sonra o, qidanı suyu, torpağı, havanı və günəş şüalarını qəbul edən bitki və heyvanlarla qidalanır. İnsan qidanı qəbul etdikdə qida onun orqanizminin bütün nöqtələrinə çatır. Uca Allah buyurur: "Ya da O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və haqdan qaçmaqda davam edirlər" (əl-Mulk, 21). "Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)" (Hud, 6).

Allah tək yaradandır

Qidanın həzmi mədənin fəaliyyətindən, mədənin həzmi isə qan dövranından asılıdır. Qan dövranı havadan, təmiz hava isə bitkilərin fəaliyyətindən, bitkilərin fəaliyyəti isə günəşdən gələn istilikdən, günəşin varlığı isə onu əhatə edən başqa planetlərdən və ulduzlardan asılıdır. Beləcə bütün məxluqlar bir-birindən asılıdırlar. Bu isə hər şeyin tək yaradan Allah tərəfindən xəlq olunmasına dəlalət edir. Uca Allah buyurur: "Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı ibadətə layiq olan heç bir məbud yoxdur. Əks təqdirdə hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır" (əl-Muminun, 91). Əgər Allahdan başqa bir yaradan olsaydı, onlar öz aralarında yaratdıqlarını idarə etmək uğrunda mübarizə aparardılar. Belə olan təqdirdə yerdə və səmada qarışıqlıq əmələ gələrdi.

Paylaş: