Namazın şərtləri hansılardır?

    23.02.2015
Kimdən: 
Momin
Sual: 
Salam.namaz qilan insan hansi wertlere emel etmelidi?
Cavab: 

Aleykum salam. Namazın 9 şərti var:

  1. İslamda olmaq. Uca Allah buyurur: "İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar". (Ali İmran, 85).
  2. Ağıl sahibi olmaq. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Üç insandan qələm qaldırılmışdır; yatandan oyanana, dəlidən ağıllanana, uşaqdan həddi buluğa çatana qədər". (Əbu Davud, 4401; İbn Məcəh, 2041).
  3. Həddi büluğa çatmaq. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Övladlarınız yeddi yaşda ikən namazı əmr edin, on yaşa çatdıqda isə (əgər namaz qılmazlarsa) vurun (yüngülcə, üzə vurmaq olmaz), yataqlarını da ayırın!" (İmam Əhməd "Musnəd", 3/201; Əbu Davud, 494; ət-Tirmizi, 407).
  4. Dəstamazlı olmaq. Uca Allah buyurur: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun!" (əl-Maidə, 6). Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbər (salləllahu aleyhi və səlləm) belə dedi: "Siz­dən birinizin dəstəmazı pozulduqda dəstəmaz al­ma­­yınca Allah onun (dəstə­mazsız qıldığı) namazını qəbul et­məz". (əl-Buxari, 6954; Muslim, 536).
  5. Üç yerdən (paltardan, bədəndən, olduğun məkandan) nəcasəti aradan qaldırmaq. Uca Allah buyurur: "Geyimini təmiz saxla!" (əl-Muddəsir, 4); "Biz İb­ra­hi­mə və İs­mailə: "Evi­mi təvaf edənlər, eti­kafa gi­rən­lər, rüku və səc­də edən­lər üçün təmizləyin!" - dedik". (əl-Bəqərə, 125). Yalnız bilərəkdən paltarı, ya bədəni, yaxud da namaz qı­lı­nan yeri nəcasətdən (murdarlıqdan) təmizləmədən qılınan na­maz batildir. ("əş-Şərhul-Mumti alə Zadul-Mustaqnəi" kitabı, 2/229). Səhvən və ya unutqanlıqdan belə halda qı­lınan namaz batil olmur.
  6. Övrət yerinin örtülməsi. Uca Allah buyurur: "Ey Adəm oğulları! Hər bir ibadət vaxtı gözəl libaslarınızı geyinin...". (əl-Ə’raf, 31).
  7. Vaxtın daxil olması. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Cəbrayılın (Allahın ona salamı olsun) mənə ilk və son vaxtda imamlıq etdi sonra isə dedi: "Ey Məhəmməd! Namaz bu iki vaxt arasındadır". (İmam Əhməd "Musnəd", 3/330; ən-Nəsai,1/91; ət-Tirmizi, 150). Uca Allah buyurur: "...Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisa, 103). Əbu Amr əş-Şeybani (Sə'd ibn İyəs), Abdullah ibn Məsudun (radıyəllahu anhu) evini gös­tərib dedi: "Bu evin sahibi bizə dedi ki, mən Pey­ğəm­bər­dən (salləllahu aleyhi və səlləm) hansı əməlin Allah yanında daha sevimli olduğunu soruşdum. O belə dedi: "Vaxtında qılınan namaz...". (Səhih əl-Buxari, 527; Səhih Muslim, 250). Səhvən və ya bilərəkdən vaxtından tez qılınan namaz ba­til­dir. ("əş-Şərhu-l-Mumti alə Zədul-Mustəqnəi", 2/89). Vaxtından gec isə yalnız üzrlü səbəbə görə namaz qıl­maq olar (yatıb qaldıqda, unutduqda, cərrahiyə əmə­liy­ya­tın­da və s. bu kimi çox zəruri hallarda). Əbu Hureyrə (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Na­ma­zını unudan xatırladığı zaman onu qılsın! Uca Allah bu­yur­muşdur: "Mə­ni xatırlamaq üçün namaz qıl!" (Taha, 14)". (Səhih Muslim, 1558).
  8. Zəruri (düşməndən, vəhşi heyvandan və s. qorxu olduqda, xəstəlik, qibləni təyin edə bilməmək və s.) hallar istisna olmaqla qibləyə tərəf yönəlmək. Uca Allah buyurur: "Hara səfərə çıxsan, na­maz qıldıq­da üzünü Məscidul­harama tərəf çevir! Çünki bu, sənin Rəb­bindən gələn haq­dır!" (əl-Bəqərə, 149).
  9. Niyyət. Niyyətin yeri qəlbdir, onu dil ilə tələffüz etmək isə bidətdir (dində yenilik). Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Bütün əməllər ancaq niyyətlərə görədir". (Səhih əl-Buxari, 1; Səhih Muslim, 4904).

Qeyd: Bu şərtlərdən biri pozulduqda, namaz da pozulur.

Teqlər: 
Paylaş: