Ziyarətgaha gedib şəfa tapan insanlar var, bu barədə nə deyə bilərsiniz?

    21.02.2015
Sual: 
Salam.ziyaretgahlara gedib wefa tapan insanlar olub bu haqda ne deye bilersiz?
Cavab: 

Və aleykum Salam. Şübhəsiz ki, şəfa verən, ruzi, övlad verən, işləri yoluna qoyan, kömək edən Uca Allahdır. Bu işlərin heç birində Allahın şəriki və ya vasitəçisi yoxdur. Uca Allah buyurur: "Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də! Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!" (əl-Həcc, 73-74).
Məsələn, bir insan oğlunun əsgərlikdən sağ-salamat qayıdacağı halda hansısa pirdə qurban kəsəcəyinə niyyət edir. Onun oğlu qayıdanda, bunun pir sayəsində olduğuna iman gətirmək gülünc deyilmi? Uca Allah Qurani kərimdə dəfələrlə ölümün əvvəlcədən təqdir edilmiş yazı olduğunu bildirmişdir: "Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür". (Ali İmran, 145). Sözsüz ki, həmin pirdəki qəbirdə yatan ölü bacarsaydı, ilk növbədə özünü ölümdən qurtarardı. Uca Allah insanlara şəfa, ruzi, övlad və s. nemətləri verməklə yanaşı, onları bu nemətlərlə sınağa da çəkir: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm! Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!" (əz-Zariyat, 56-58).
Uca Allah insanların bu nemətlərə şükr edəcəyinimi, yoxsa nankorluq edərək şərik qoşacaqlarınımı sınayır.
Ona görə də, çətinlik anında pirdən yox, Allahdan istəmək, nemət veriləndə qəbirdə yatan ölünün vasitəsilə yox, birbaşa Allahdan olduğuna iman gətirmək və şükr etmək lazımdır. Həmçinin oxuyun: Pirə getmək olarmı?

Paylaş: