Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?
Aleykum salam. Pirlər, ocaqlar və digər ziyarətgahlar insanlar tərəfindən uydurulan, Uca Allahdan qeyrisi üçün ibadət edilən yerləridir. Pənah aparmaq, dua etmək, nəzir demək, qurban kəsmək kimi hər hansı ibadət növünü Allahdan başqası üçün etmək Allaha şərik qoşmaqdır. Bu isə günahların ən böyüyüdür. Uca Allah buyurur: "Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür". (ən-Nisə, 116).
Ona görə də Uca Allahdan başqasına dua etməkdən çəkinmək lazımdır. Uca Allah buyurur: "Kim Allahla yanaşı başqa bir məbuda dua edirsə - bunun üçün onun heç bir dəlili yoxdur – (qiyamət günü) onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar!" (əl-Mu'minun, 117).
Bəziləri isə bu yerlərin Uca Allaha yaxınlaşmaq üçün vasitə olduğunu zənn edirlər. "Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: "Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik"– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz". (əz-Zumər, 3).
Bəziləri isə həmin yerlərə gedib orada yalnız Uca Allaha dua edirlər, amma həmin yerlərdən duanın daha tez eşidildiyini düşünürlər. Uca Allah buyurur: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər". (əl-Bəqərə, 186).
"Biz ona şah damarından da yaxınıq". (Qaf, 16). Həmçinin oxuyun:
Şirk nədir?
Şirk necə yaranmışdır?