İslamda sığorta halaldırmı?

    26.02.2015
Sual: 
Salam aleykum, çox hörmətli qardaş və bacılar. Son zamanlar tibbi xidmətlərin qiymətlərinin hər keçən gün yüksəlməsi tibbi sığorta məsələsini aktuallaşdırmışdır. Mətbuatdan öyrəndiyimiz xəbərlərdə tezliklə icbari tibbi sığorta sisteminə keçiləcəyi söylənilir. Xahiş edirəm ki, bu məsələyə və ümumiyyətlə İslam dininin müxtəlif sığorta növlərinə olan münasibətini açıqlayasınız. Sizə öncədən tədşəkkür edir, Allahdan elminizə və dəvətinizə bərəkət arzulayıram.
Cavab: 
İslamda sığortanın əsli halal, günümüzdə tətbiq olunan kommersiya sığortası isə haramdır. Təkcə Quranda Yusif peyğəmbərin əhvalatından bəhs edən surəyə baxsaq sığortalama mexanizminin necə təşfiq edildiyinin şahidi olarıq: "Yusuf" surəsinin 47-ci ayəsində Misir hökmdarının gördüyü yuxunu yozarkən Yusuf peyğəmbər deyir: “Yeddi il adətiniz üzrə əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi sümbüldə saxlayın. Sonra bunun ardınca yeddi il quraqlıq olacaq...” Allaha təvəkkül etmənin necə olması barədə isə həmin surənin 67-ci ayəsi Yəqub peyğəmbər oğullarını səfərə yola salarkən onların hansısa təhlükədən yayınmaları üçün “eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ona təvəkkül etsinlər.” Risklərin nəticələrindən qorunmaq üçün Rəsulullahdan (səllallahu aleyhi və səlləm) gələn çoxsaylı hədisləri də misal gətirmək olar. Məsələn, dəvəsini bağlamayıb itirən bədəvini Peyğəmbərin qınaması, açıq dam üstündə yatan əhli-kitabın zimmilik hüququndan məhrum olması və s.
 
Ancaq borc vermənin İslamda təşviq edilməsi, lakin sələm ilə borc vermənin haram olduğu kimi, sığorta halal, bugünki kommersiya sığortası isə haramdır. Kommersiya sığortasını haram edən "ğarar" deyilən "qeyri-müəyyənlik"dir. Qeyri-müəyyən bir şeyin alqı-satqısının dinimizdə haram olduğu üçün (məsələn, hələ bar verməmiş ağacın bütün meyvələrini müəyyən qiymətə almaq),  baş verməsi və əgər baş verərsə dəyəcək zərərin məbləğinin qeyri-müəyyən olduğu hallara sığorta təminatının alınıb-satılması da haramdır.

Kommersiya sığortasında risk sığorta olunan şəxsdən sığorta şirkətinə ötürüldüyü üçün qeyri-müəyyənlik yaranır və bu, haramdır. Yox, əgər sığorta müqaviləsi "qarşısılqlı sığorta" və ya "əməkdaşlıq sığortası" qaydasında bağlanırsa, bu zaman riskin ötürülməsi deyil, bölüşdürülməsi nəzərdə tutulur. Riskin bölüşdürülməsi zamanı hər iki tərəf həm zərərə, həm də gəlirə şərik olur. Alimlər bu cür sığortanı icazəli görürlər. Belə ki, 1985-ci ildə İslam konfransı Təşkilatının nəzdində fəaliyyət göstərən İslam Fiqh Akademiyası Şurasının ikinci sessiyasının qəbul etdiyi 9 №-li Qərara uyğun olaraq, ənənəvi kommersiya sığortası Şəriət nöqteyi nəzərindən haram hesab edilmiş, alternativ olaraq qarşılıqlı yardımlaşma və xeyriyyəçilik prinsipləri əsasında tərəflərin birgə məsuliyyətini nəzərdə tutan əqdlər təklif olunmuşdur. Bundan sonra hələ 1979-cu ildə ilk dəfə olaraq Sudanda tətbiq edilmiş, daha sonra 1984-cü ildən Malayziyada qanunla təsbit edilmiş "təkaful" adlanan sığortaya alternativ mexanizm (bu gün bütün dünyada həm də "İslam sığortası" kimi tanınır) geniş yayılmağa başlamışdır və hazırda dünya maliyyə sistemində ən sürətlə inkişaf edən risk idarəetmə sistemidir.

Beləliklə istər tibbi sığorta olsun, istərsə də qeyri-tibbi, əgər sizə təklif olunan sığorta müqaviləsi qarşılıqlı və ya əməkdaşlıq sığortası prinsiplərinə əsaslanmırsa və ya təkaful sığortası deyilsə, bu cür müqavilə bağlamaq olmaz. Təssüf ki, hal-hazırda ölkəmizdə İslam sığortası yoxdur.

Teqlər: 
Paylaş: