İşa namazının vaxtı nə zaman çıxır? Gecikdirmək, yoxsa vaxtı girən kimi qılmaq daha savabdır?

    14.02.2015
Sual: 
Salam aleykum. İşa namazını gecikdirmək, yoxsa vaxtı girən kimi qılmaq daha savabdır?
Cavab: 

Və aleykum Salam. İşa namazının vaxtı günəş batdıqdan sonra göy üzündə qalan qızartısı tam itdikdə daxil olur. Günəşin qızartısı ilin fəsillərindən asılı olaraq təxminən günəş batdıqdan 1 saat 10 və ya 20 dəqiqə sonra tam itir. Bu isə İşa namazının girdiyini bildirir. İşa namazının iki vaxtı var:
     Birinci: İşanın "könüllü" vaxtı - bu vaxt gecə yarısına qədərdir. Yəni, bu müddət ərzində istənilən vaxt İşanı qılmaq olar. Lakin, gecənin yarısına kimi gecikdirmək daha əfzəldir. Gecənin yarısını hesablamaq üçün isə gün batan vaxtla (Məğrib namazının girdiyi vaxtla), dan yeri sökülən vaxt (Sübh namazının vaxtı) arasındakı zamanı yarıya bölüb gün batan vaxtın (Məğrib namazının vaxtının) üzərinə əlavə etmək lazımdır. Məsələn, əgər Məğrib namazı saat 8-də girirsə, Sübh namazı isə saat 4 də girirsə bu iki vaxt arasındakı zaman 8 saat edir. Bunun yarısı isə 4-dür. Bu zamanı Məğrib namazının girdiyi vaxtın (8-in) üzərinə gəldikdə, gecənin yarısı saat 12-yə düşür. Demək İşa namazını girdiyi vaxtdan saat 12-yə qədər istənilən vaxt qılmaq olar. Lakin, saat 12-yə yaxın qılmaq daha əfzəldir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "İşa namazının vaxtı gecənin yarısına qədərdir". (Səhih Muslim, 612). Burada Peyğəmbər (salləllahu aleyhi və səlləm) İşanın "könüllü" vaxtını nəzərdə tutmuşdur. Aişə (Allah ondan razı olsun) belə buyurur: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir gecə İşa namazını gecənin müəyyən hissəsi gedənədək gecikdirdi. Hətta məscid əhli yatdılar. Sonra çıxıb namazı qıldı və belə buyurdu: "Bu, onun (könüllü) vaxtıdır, əgər ümmətimə çətin olmasaydı, bu vaxtda qılınmasını əmr edərdim". (Səhih Muslim, 638).
Başqa bir hədisdə Ənəs (Allah ondan razı olsun) demişdir: "Bir gecə Peyğəmbəri (salləllahu aleyhi və səlləm) gözləyirdik. Gecə yarı olmağa az qalmışdı. O gəldi, bizə namazı qıldırdı və sonra moizə etdi və dedi: "İnsanlar namaz qılıb yatıblar. Amma siz isə namazı gözlədiyiniz vaxtda da namazda sayılırsınız". (Səhih əl-Buxari, 600).
   İkinci: İşanın "zəruri" vaxtıdır - bu vaxt gecə yarısından dan yeri sökülənə qədər - yəni, Sübh namazı girənə qədər - davam edir. İşa namazını yalnız zəruri hallarda bu vaxta kimi gecikdirmək olar. Bu səbəbdən "zəruri" vaxt adlanır. Heç bir zəruri hal olmadan İşa namazını gecənin yarısından sonraya saxlamaq olmaz. Belə edən kəs İşa namazını vaxtında qılmış olsa da səbəbsiz yerə gecikdirdiyinə görə günah qazanır. Necə ki, Əsr namazını səbəbsiz yerə günəş saralandan sonraya saxlamaq günah sayılır. Əsr namazının vaxtının günəş batanadək olmasına baxmayaraq səbəbsiz yerə Əsr namazını günəş saralandan sonra qılanlar barədə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bu vaxtda qılınan namaz münafiqlərin namazıdır. Münafiq dayanıb günəşi gözləyər. Günəş şeytanın iki buynuzu arasına girdiyi (batmağa başladığı) vaxt, tələsik Əsr namazını dörd rükət qılar və Allahı çox az zikr edər". (İmam Malik "Muvatta" əsəri). İşa namazı da belədir. Yuxarıdakı hədisləri cəm edərək belə qənaətə gəlmək olar. Həmçinin, hədisdə gəlmişdir ki, Əbu Bərzə (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) İşa namazından əvvəl yatmağı, namazı qıldıqdan sonra isə danışmağı xoşlamazdı". (Səhih əl-Buxari, 568).
Qeyd edək ki, namazı son vaxtına kimi gecikdirmək yalnız İşa namazına aiddir. Digər namazları isə vaxtı girən kimi qalmaq lazımdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ən fəzilətli əməlin hansı olduğunu soruşan səhabəyə: "Vaxtında (və ya vaxtının başlanğıcında) qılınan namazdır" - deyə buyurmuşdur. (Səhih əl-Buxari "Namaz vaxtları", 162). Həmçinin oxuyun: Namazların vaxtları barədə

Teqlər: 
Paylaş: